Logo
    main-post-cover

    Neuralink-in 3-cü pasienti beyin çipi və süni zəka vasitəsilə nitqini bərpa edib (VİDEO)

    Elm & Texnologiya
    29.04.2025
    Emil
         Brad Smith - bu ilin əvvəlində beyninə implant yerləşdirilmiş Neuralink-in üçüncü pasienti - tam iflic və nitq qabiliyyətini itirməsinə səbəb olmuş qeyri-verbal yan amiotrofik skleroz (ALS) xəstəliyinə baxmayaraq, indi süni zəka və kompüter texnologiyalarının köməyi ilə ünsiyyət qura bilir. Neuralink yanvar ayında dərc etdiyi bloq yazısında bildirmişdi ki, artıq 3 nəfərə beyin implantı yerləşdirilib, o cümlədən Brad-a da. Məlumatda deyilir: “Bu 3 nəfərin heç biri əllərini və ayaqlarını hərəkət etdirə bilmir - Noland Alex onurğa beyni zədəsi səbəbindən, Brad isə yan amiotrofik skleroz (ALS) səbəbindən. Hər biri Neuralink şirkətinin PRIME adlı tədqiqatında könüllü olaraq iştirak edib.
         Bu klinik sınaq, Link çipinin iflic vəziyyətində olan insanların gündəlik həyatında təhlükəsizliyini və faydalılığını nümayiş etdirməyi hədəfləyir”. Smith ağız küncləri və gözlərindən başqa bədəninin heç bir hissəsini hərəkət etdirə bilmir. “Gözlərimdən başqa heç nəyi hərəkət etdirə bilmirəm və həyatımı və tənəffüsümü dəstəkləmək üçün tamamilə süni tənəffüs aparatından asılıyam” - deyə o, X platformasında paylaşdığı videoda bildirib. Smith qeyd edib ki, o, bütün ünsiyyətini Neuralink implantı vasitəsilə həyata keçirir və bu videonu da beyin-kompüter interfeysi (BCI) sayəsində MacBook Pro-da siçanı idarə edərək hazırlayıb.
         Onun köməyi ilə Neuralink komandası söhbəti dinləyən və cavab variantları yaradan süni zəkaya əsaslanan bir çat tətbiqi hazırlayıb. “Tətbiq Grok 3 və mənim köhnə səsimin süni zəka klonundan istifadə edərək cavab variantları yaradır” - deyə Smith bildirib. “Bir dostum məndən atları sevən sevgilisinə hədiyyə ideyaları tapmağımı xahiş etdi. Mən bir variant seçdim və süni zəka mənim səsimlə ona sevgilisinə yerkökü buketi hədiyyə etməyi tövsiyə etdi” - deyə o danışıb. “Biz həmçinin kursor vasitəsilə mətn yığmağı daha sürətli etmək üzərində də işləyirik”. Sonda Smith bildirib ki, Neuralink ilə təcrübəsi “fantastik” olub, çünki bu onun həyatını yaxşılaşdırıb. “Həyat gözəldir” - deyə Brad Smith vurğulayıb.
    Mənbə: Foxbusiness
    Paylaş