
Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək imkanını yaradacaq
Elm & Texnologiya
02.08.2021
Emil
Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Lakin şirkət bununla yetinmək niyyətində deyil. Məlum olub ki, şirkətin beyin implantı fikir gücü sayəsində müxtəlif cihazlardan istifadə etmək imkanını verəcək. Artıq bir neçə ildir ki, Neuralink mütəxəssisləri N1Link adlı neyron interfeysi üzərində çalışırlar. Bu layihə çərçivəsində yaradılan mikroçip insan beyninə inteqrasiya olunacaq və o, beyin siqnallarını təyin edərək onları ötürmək imkanına sahib olacaq.

Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Neuralink şirkəti 205 milyon dollar investisiya əldə etmişdi. Şirkət mütəxəssisləri bu mövzuya toxunublar. Onlar qeyd ediblər ki, əldə olumuş yeni vəsaitlər konkret məqsədlər üçün istifadə olunacaq. İlk öncə söhbət, mikroçipin kommersiya məqsədli bazara çıxarılmasından gedir. Şirkət təmsilçiləri söz veriblər ki, Neuralink implantı əlləri və ayaqları iflic olmuş şəxslərin rəqəmsal azadlıq əldə etmələrində yardımçı olacaq.
Bununla yanaşı mütəxəssislər qeyd ediblər ki, yaradılan implant vasitəsilə həmin şəxslər öz kompüterləri və smartfonları ilə qarşılıqlı əlaqədə ola biləcəklər. Bunun üçün onlar sadəcə olaraq müəyyən əməliyyat barəsində düşünməli olacaqlar. Yəni başqa sözlə desək, bu cür pasientlər öz cihazlarını fikir gücü vasitəsilə idarə edə biləcəklər. Bu ilin əvvəlində Musk bildirmişdi ki, Neuralink şirkətinin hazırladığı implantın insanlar üzərində ilk testləri bu ilin sonunda start götürə bilər. Lakin çox güman ki, test müddəti Musk üçün ənənəvi şəkildə təxirə salınacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
