Logo
    main-post-cover

    New Glenn bu il yenidən kosmosa qalxacaq?

        Blue Origin mayın 28-də baş vermiş partlayışdan sonra zədələnən New Glenn raketinin start meydançasını ilin sonuna qədər yenidən istifadəyə verməyi planlaşdırır. Şirkətin baş direktoru Dave Limp bildirib ki, New Glenn raketi 2026-cı ilin sonuna qədər yenidən uçuş həyata keçirəcək. Xatırladaq ki, hadisə Launch Complex 36 start kompleksində New Glenn raketinin növbəti missiyaya hazırlığı çərçivəsində aparılan mühərrik sınağı zamanı baş verib. Partlayış nəticəsində start meydançasına ciddi ziyan dəyib. Lakin vəziyyətlə bağlı fikirlər fərqlənir. NASA rəhbəri Jared Isaacman CNBC-yə açıqlamasında bildirib ki, start meydançasının tam bərpası uzun müddət tələb edə bilər və hətta 2028-ci ilə qədər uzanması mümkündür.
        Blue Origin isə daha nikbin mövqe sərgiləyir. Şirkətin ilkin araşdırmalarına əsasən, raketin yanacaq infrastrukturu, maye oksigen, maye hidrogen və LNG çənləri zərər görməyib. Həmçinin su qülləsi də istifadəyə yararlı vəziyyətdə qalıb. Ən vacib məqamlardan biri isə odur ki, zədələnmiş dəstək qülləsinin tam sökülərək yenidən tikilməsinə ehtiyac yoxdur və onu yerində təmir etmək mümkündür.
        Start meydançasının tez bir zamanda bərpası Blue Origin üçün böyük əhəmiyyət daşıyır. Şirkət NASA-nın Artemis proqramı və gələcək Ay bazası layihələri üçün əsas tərəfdaşlardan biridir. Bundan əlavə, Amazon şirkətinin peyk internet layihəsi üçün nəzərdə tutulan LEO peyklərinin orbitə çıxarılması da New Glenn raketindən asılıdır. Partlayışdan əvvəl planlaşdırılan dördüncü missiya çərçivəsində 48 peykin orbitə göndərilməsi nəzərdə tutulurdu. Blue Origin hazırda Kaliforniyadakı Vandenberg Space Force Base ərazisində ikinci start meydançası üzərində də işləyir. Lakin şirkətin məlumatına görə, həmin obyektin tam hazır vəziyyətə gətirilməsi təxminən iki il çəkəcək və onun da 2028-ci ildən əvvəl istifadəyə verilməsi gözlənilmir.
    Paylaş