Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
26.09.2023
Emil Nəcəfov
Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib. Nothing Phone smartfonlarında olduğu kimi CMF Watch Pro-da da əsas diqqət smart saatın xarici görünüşünə ayrılıb. Rəqib məhsullardan fərqlənmək üçün sözügedən smart saat qeyri-adi dizayna sahibdir. Bundan əlavə olaraq CMF Watch Pro-nun gövdəsi sudan qorunma özəlliyini özündə birləşdirir. Bu smart saat kvadrat formalı gövdəyə və metal materialdan hazırlanmış yastı kənar hissələrə sahibdir. CMF Watch Pro 502x410 piksel keyfiyyətli 1.96 düym AMOLED ekranla təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir. Smart saat 100-dən çox idman rejiminin dəstəyinə sahibdir. İstifadəçi səhhətinin monitorinqi məsələsinə gəldikdə isə CMF Watch Pro 24 saat ərzində ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını, stress səviyyəsini, yuxu keyfiyyətini, yandırılmış kaloriləri və s. ölçə bilir. Bundan əlavə olaraq sözügedən smart saat vasitəsilə smartfonda işə salınmış musiqini idarə etmək, zəngli saatı qurmaq və telefon zənglərinə cavab vermək olar.
Smart saat smartfona qoşulmaq üçün Bluetooth 5.3-dən istifadə edir. Məlumatda qeyd edilib ki, CMF Watch Pro 340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bunun sayəsində o, adi rejim çərçivəsində 13 gün ərzində çalışa bilir. Onun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə GPS-i birləşdirir. Smart saat tünd boz və boz metallik rənglərdə satışa çıxıb. Birinci rəng variantında smart saatın qiyməti 54$, ikinci rəng variantında isə qiyməti 60$ təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!