
OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək
Elm & Texnologiya
05.09.2025
Emil
OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib. Bu çiplər gələn il istifadəyə veriləcək. Financial Times təsdiqləyib ki, Broadcom OpenAI-yə ixtisaslaşdırılmış çipin hazırlanmasında kömək edib və o, 2026-cı ildə bazara çıxacaq. OpenAI bu komponenti yalnız öz ehtiyacları üçün istifadə edəcək və digər müştərilərə təklif etməyəcək. Broadcom ilə bu sahədə əməkdaşlıq ötən ildən başlayıb.

Buna qədər isə həmin məhsulun kütləvi istehsalının nə vaxt başlanacağı məlum deyildi. Broadcom üçün OpenAI artıq süni intellekt çipi hazırlanmış dördüncü müştəri olacaq. Broadcom-un səhmləri bu açıqlamalardan sonra, ümumilikdə müsbət hesabatla birlikdə 4.5% artıb. Şirkət Google ilə onun ixtisaslaşdırılmış Tensor prosessorlarının hazırlanmasında əməkdaşlıq edib. HSBC analitiklərinin fikrincə, gələn il ixtisaslaşdırılmış süni intellekt çiplərinin satışının artması ilə səciyyələnəcək, halbuki NVIDIA kimi universal həllər artıq gəlir artımında yüksək dinamika göstərə bilməyəcək. OpenAI rəhbəri Sam Altman isə ötən ay şirkətin hesablama gücünü yaxın 5 ay ərzində 2 dəfə artırmağa hazır olduğunu bildirib.
Paylaş