
OpenAI şirkəti robototexnika sahəsinə geri qayıdır
Elm & Texnologiya
03.06.2024
Emil
OpenAI şirkəti özünün robototexnika şöbəsini hələ 2020-ci ildə ləğv etmişdi. Hal-hazırda şirkət öz süni zəka texnologiyalarını robot istehsalı ilə məşğul olan kənar şirkətlərə təqdim edir. Verilmiş məlumata əsasən OpenAI 2020-ci ildə ləğv etmiş olduğu robototexnika şöbəsini süni zəka əsaslı robotlara investisiyaların artması səbəbilə yenidən bərpa edir. Məlumatda qeyd edilib ki, OpenAI hal-hazırda robototexnika şöbəsinin komandasını bərpa etmək üçün mühəndis tədqiqatçıları işə götürür. Şirkətin robototexnika üzrə yeni komandası hələ 2 aydan az müddət ərzində mövcuddur. Qeyd etmək lazımdır ki, OpenAI son 1 il ərzində robototexnika sahəsindəki bir sıra şirkətə investisiyalar yatırıb.
Onların arasında Fig AI, 1X Technologies və Physical Intelligence şirkətləri var. OpenAI şirkətinin robototexnika sahəsinə marağının geri qayıtması ilk dəfə fevral ayında Fig AI üçün vəsait yığımına həsr edilmiş press-relizdə qeyd edilmişdi. Nəticədə 1 aydan sonra Fig AI şirkəti OpenAI tərəfindən təlimatlandırılmış süni zəka modelinə sahib robotunu təqdim etdi. Məlumata əsasən OpenAI robot istehsalçıları ilə rəqabət aparmaq əvəzinə onlarla eyni səviyyədə fəaliyyət göstərməyə hədəflənib. OpenAI bu sahədə digər şirkətlərin öz məhsullarında istifadə edə biləcəkləri texnologiyaları hazırlamağı planlaşdırır. Robototexnika OpenAI şirkətinin təsis edildiyi ilk gündən şirkətin əsas istiqamətlərindən biri idi.
OpenAI şirkətinin həmtəsisçisi olan Wojciech Zaremba-nın rəhbərliyi altında robototexnika komandası ümumi məqsədlər üçün nəzərdə tutulmuş robotun hazırlanmasına istiqamətlənmişdi. 2019-cu ildə OpenAI neyron şəbəkəsinə kubik rubiki robot əl vasitəsilə yığmağı öyrətmişdi. Lakin Zaremba-nın sözlərinə əsasən təlimatlandırma prosesi üçün yetəri qədər məlumat olmadığı üçün robototexnika şöbəsi nəticədə ləğv edildi. Şirkət ləğv edilmiş şöbənin komandasının gücünü digər layihələrə yönləndirdi. Robototexnika komandasının bəzi keçmiş üzvləri şirkət daxilində digər şöbələrdə çalışırlar. Məsələn Zaremba-nın özü GPT süni modellərinin hazırlanmasına rəhbərlik edir. OpenAI şirkətinin öz robototexnika şöbəsini bərpa etməsinə baxmayaraq onun bu sahədə hansısa təchizatı hazırlayıb-hazırlamayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
