
Orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 3 prosessoru təqdim edilib
Elm & Texnologiya
27.03.2024
Emil
Qualcomm şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 3-dən gedir. Bu yeni prosessor Snapdragon 7+ Gen 2-nin davamçısıdır. Qualcomm-un sözlərinə əsasən Snapdragon 7+ Gen 2 ilə müqayisədə Snapdragon 7+ Gen 3 prosessoru GPU mövzusunda 45%, CPU mövzusunda isə 15% daha performanslıdır. Snapdragon 7+ Gen 3 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə 8 nüvəni birləşdirir. Sözügedən prosessorda nüvələr “1+4+3” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, prosessor özündə 2.8 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 1.9 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsini birləşdirir.

Bununla yanaşı prosessora Snapdragon X63 5G adlı yeni 5G modem quraşdırılıb. Prosessor süni zəkanın iştirakı ilə kontentlərin lokal şəkildə tərtibatını dəstəkləyir və o, Llama 2 və Gemini Nano kimi böyük dil modelləri ilə uyğunlaşa bilir. Üstəlik Snapdragon 7+ Gen 3 prosessoru 240 Hz-ə kimi təsvir yenilənməsinə və 4K-ya kimi keyfiyyətə sahib ekranları, 24 GB-a LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini, 200 MP-ə kimi olan kameraları, Wi-Fi 7-ni və Bluetooth 5.4-ü dəstəkləyir. Snapdragon 7+ Gen 3-ü ilk əldə etmiş smartfon isə OnePlus Ace 3V olub.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
