
Orta büdcəli smartfonlar üçün Snapdragon 7 Gen 4 prosessoru təqdim edilib
Elm & Texnologiya
15.05.2025
Emil
Qualcomm şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7 Gen 4 adlı yeni prosessorunu təqdim edib. Beləliklə Snapdragon 7 Gen 4 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessorun tərkibində “1 + 4 + 3” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, prosessor özündə 1 ədəd 2.8 GHz tezlikli nüvəni, 4 ədəd 2.4 GHz tezlikli nüvəni və 3 ədəd 1.8 GHz tezlikli nüvəni birləşdirir.

Qualcomm bildirib ki, daha əvvəlki prosessor ilə müqayisədə Snapdragon 7 Gen 4-ün hesablama gücü 27% daha yüksəkdir. Qualcomm bu yeni prosessorda qrafik imkanlardan cavabdeh olan qrafik çipin modelini açıqlamayıb. Bununla belə şirkət bildirib ki, daha əvvəlki prosessorun qrafik çipi ilə müqayisədə Snapdragon 7 Gen 4-ün qrafik çipi 30% daha performanslıdır. Bununla yanaşı qeyd edilib ki, Snapdragon 7 Gen 3-ün neyron çipi ilə müqayisədə Snapdragon 7 Gen 4-ün neyron çipi 65% daha performanslıdır.

Snapdragon 7 Gen 4-ün əsas fərqləndirici özəlliklərindən biri odur ki, o, böyük dil modelləri əsasında olan generativ süni zəka sistemlərini lokal şəkildə dəstəkləyir. Yəni Snapdragon 7 Gen 4 prosessoruna sahib smartfonda generativ süni zəka sistemlərindən istifadə etmək üçün bulud servisə qoşulmağa ehtiyac yoxdur. Belə ki, prosessor generativ süni zəka sistemlərini birbaşa özündə işə sala bilir. Qualcomm-un bu yeni prosessoruna Snapdragon X75 5G modemi quraşdırılıb. Prosessor LPDDR5X standartlı RAM yaddaşlarını və 200 MP-ə qədər kameraları dəstəkləyir. Snapdragon 7 Gen 4-ə sahib ilk smartfonlar yaxın aylar ərzində təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
