
Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 4 prosessoru təqdim olunub
Elm & Texnologiya
20.08.2025
Emil
Qualcomm şirkəti Snapdragon 7s Gen 3-ün təqdimatından 1 il sonra onun davamçısı olan Snapdragon 7s Gen 4 prosessorunu təqdim edib. Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş bu yeni prosessor özündə süni intellekt dəstəyini qoruyub saxlayıb və üstəlik daha sürətli mərkəzi və qrafik çipi əldə edib. Ümumiyyətlə yeni prosessor keçən ilki Snapdragon 7s Gen 3-dən çox az fərqlənir. Snapdragon 7s Gen 4 sadəcə olaraq 7% daha sürətli çalışır.

4 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Snapdragon 7s Gen 4 özündə 2.7 Ghz tezlikli 1 ədəd Cortex-A720 nüvəsini, 2.4 GHz tezlikli 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 Ghz tezlikli 4 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Yeni prosessor 144 Hz-ə kimi təsvir yenilənməsinə və 2900x1300 pikselə qədər olan ekranları, 200 MP-ə qədər olan kameraları, Bluetooth 5.4-ü və Wi-Fi 6E-ni dəstəkləyir. Gözləntilərə əsasən Snapdragon 7s Gen 4-ü əldə edəcək ilk smartfon yaxın günlərdə təqdimatı baş tutacaq REDMI Note 15 Pro+ olacaq.
Paylaş