main-post-cover

    Pocophone F2 Lite smartfon modelinin real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    20.01.2020
    Emil Nəcəfov
        Poco brendinin Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilməsindən sonra internetdə sözügedən brendin yeni məhsullarından birinin real fotoları ortaya çıxıb. Belə ki, internetdə Pocophone F2 Lite smartfon modelinin real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar smartfonun xarici görünüşü ilə yanaşı həmçinin onun bir sıra konstruktiv özəlliklərini də sərgiləyib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə sözügedən fotolar smartfonun ön panelini sərgiləyirlər.
        Fotolardan da görmək olar ki, smartfon ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə sahib olacaq. Həmçinin ön panelin aşağı hissəsində bir qədər qalın çərçivə yerləşdiriləcək. Smartfonun arxa panel fotosu təqdim edilməyib. Buna görə də arxa panelin necə görünəcəyi və neçə ədəd kameraya sahib olacağı bilinmir. Həmçinin fotolardan biri smartfonun adını və MIUI interfeysi ilə çalışacağını təsdiqləyir.
        İnsayderlərin verdikləri məlumata əsasən Pocophone F2 Lite smartfonu Snapdragon 765 prosessoru, 6 GB RAM və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfonun arxa panelində yerləşəcək kameralardan ən əsasının 48 MP olacağı güman edilir. Pocophone F2 Lite barəsində digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Poco brendi çərçivəsində yeni smartfonlar hələ anons edilməyib. Buna görə də ortaya çıxmış fotoların həqiqət olduqları barəsində bir söz demək hələ tezdir. Gözləntilərə əsasən brendin yeni məhsulları barəsində ilk məlumatlar bu ilin birinci rübündə ortaya çıxacaq.
    Linki kopyala