main-post-cover

    Qualcomm Snapdragon 888-in daha sadələşdirilmiş versiyaları üzərində çalışır

    Elm & Texnologiya
    01.06.2021
    Emil Nəcəfov
        Mukul Sharma adlı məşhur hindistanlı insayderin sözlərinə əsasən Qualcomm şirkəti Snapdragon 888 flaqman prosessorunun bir neçə yeni versiyası üzərində çalışır və hazırlanan yeni versiyalardan 2-si sadələşdirilmiş olacaq. Onlar orijinal Snapdragon 888 kimi yüksək performanslı olacaqlar. Tək fərq ondan ibarət olacaq ki, sadələşdirilmiş prosessorlar daha məhdud sayda şəbəkə interfeysinə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, Snapdragon 888-in tərkibinə Snapdragon X60 adlı 5G modem daxildir. Lakin 5G şəbəkəsi çox regionda hələ aktiv deyil. Buna görə də sözügedən prosessora sahib olan hər hansı bi smartfonu alan zaman alıcı bir növ istifadə etməyəcəyi funksiyaya görə əlavə pul ödəyir.
        Məhz bu səbəbdən də alıcı prosessorun yalnız yüksək performanslı hesablama güclərindən istifadə etməli olur. İnsayderlər bildiriblər ki, Qualcomm bu vəziyyəti dəyişmək istəyir. Belə ki, verilmiş məlumata sasən Qualcomm şirkəti Snapdragon 888-in 3 yeni versiyasını təqdim edəcək. Söhbət, Snapdragon 888 4G-dən, Snapdragon 888 Wi-Fi-dan və Snapdragon 888 Pro-dan gedir. Məlumatda qeyd edilib ki, ilk 2 versiya 5G şəbəkə dəstəyindən məhrum olacaq. Bununla belə Wi-Fi versiya ilk növbədə oyun konsolları, planşetlər üçün nəzərdə tutulacaq və LTE dəstəyindən də məhrum olacaq. Pro versiyaya gəldikdə isə o, Snapdragon 888-in 3 GHz tezliyə kimi sürətləndirilmiş versiyası olacaq. Bu yeni prosessorların nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.
    Linki kopyala