main-post-cover

    Qualcomm yeni Snapdragon X65 5G modemini təqdim edib

    Elm & Texnologiya
    10.02.2021
    Emil Nəcəfov
        Heç gözlənilmədən Qualcomm şirkəti yeni Snapdragon X65 adlı 5G modemi təqdim edib. Bu, Snapdragon 888 prosessorlu cihazlara yenicə inteqrasiya edilən Snapdragon X60 5G modeminin davamçısıdır. Təqdim edilmiş yeni prosessorun əsas üstünlüyü isə mobil 5G şəbəkələrində məlumatın ötürülmə sürətinin yüksəlməsidir. Bu yeni modem 5G şəbəkələrində məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsini təmin edir. Snapdragon X60-da isə bu göstərici saniyədə 7.6 Gbit-dir. Snapdragon X65 modemi Qualcomm 545 adlı 4-cü nəsil yeni mmWave anteni ilə təchiz olunub.
        Sözügedən anten əvvəlki ölçüdə olsa da daha yaxşı enerji effektivliyini təmin edir, 5G şəbəkəsinin geniş əhatə sahəsini tuta bilir və n259 da daxil olmaqla millimetrlik diapazonda qlobal tezlikləri dəstəkləyir. Qualcomm-un sözlərinə əsasən sözügedən modemdə antenin süni zəka vasitəsilə ayarlanması texnologiyasından istifadə olunur. Bunun sayəsində sistem istifadəçinin smartfonu öz əlində necə tutmasını 30% dəqiqliklə təyin edir. Bu isə öz növbəsində məlumatların daha yüksək sürətlə ötürülməsi imkanını verir və baza stansiyaları ilə daha yaxşı əlaqə hesabına smartfonun çalışma müddətini uzadır. Snapdragon X65 5G modeminə sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxmalıdırlar.
    Linki kopyala