Logo
    main-post-cover

    Robot öd kisəsi əməliyyatını uğurla həyata keçirib

    Elm & Texnologiya
    11.07.2025
    Emil
         Con Hopkins Universitetinin alimləri tərəfindən yaradılmış robot-cərrah ilk dəfə olaraq insan bədəninə maksimal dərəcədə bənzər bir model üzərində öd kisəsinin çıxarılması üzrə mürəkkəb əməliyyatı müstəqil şəkildə həyata keçirib. Əvvəlki sistemlərdən fərqli olaraq, SRT-H (Surgical Robot Transformer-Hierarchy) adlı bu yeni texnologiya yalnız cərrahın hərəkətlərini dəqiq şəkildə təqlid etmir, eyni zamanda real vaxtda adaptasiya olunur, səsli əmrləri qəbul edir və qeyri-standart vəziyyətlərə reaksiya verir - sanki təcrübəli bir həkimin nəzarəti altında işləyən rezident kimi. 2022-ci ildə Con Hopkins Universitetində hazırlanmış başqa bir avtonom robot-cərrah STAR (Smart Tissue Autonomous Robot) canlı heyvan üzərində ilk əməliyyatını həyata keçirmişdi - o, donuz üzərində laparoskopik müdaxilə icra etmişdi. Lakin həmin vaxt robotun işi xüsusi işarələnmiş toxumalara, ciddi nəzarət olunan bir mühitə və əvvəlcədən dəqiqliklə hazırlanmış plana əsaslanırdı.
         Bu, sanki robotu əvvəlcədən çəkilmiş marşrut üzrə avtomobil idarə etməyə öyrətməyə bənzəyirdi. Yeni SRT-H sistemi əməliyyat zamanı anatomiya xüsusiyyətlərinə uyğunlaşır, vəziyyətə uyğun qərarlar qəbul edir və plan üzrə nəsə yolunda getmədikdə hərəkətlərini müstəqil şəkildə düzəldir. Tərtibatçılar bu bacarığı naməlum ərazidə özünü arxayın hiss edərək hərəkət edə bilmək qabiliyyəti ilə müqayisə edirlər: SRT-H “istənilən yolda, istənilən şəraitdə hərəkət edə və qarşısına çıxan hər şeyə reaksiya verə bilir”. SRT-H ChatGPT ilə eyni machine learning arxitekturası üzərində qurulub. O, səsli əmrlərə cavab verə bilir (məsələn, “öd kisəsinin başını tut”) və düzəlişləri qəbul edir (“sol əli bir az sola çək”).
         Keçən il komanda bu robotu üç əsas cərrahi vəzifə üzrə öyrədib: iynə ilə işləmək, toxumaları qaldırmaq və tikiş qoymaq. Öd kisəsinin çıxarılması 17 ardıcıl mərhələdən ibarət olduqca mürəkkəb bir prosedurdur. Robotun vəzifəsi axarları və arteriyaları dəqiq müəyyənləşdirmək, onları ehtiyatla tutmaq, lazımi yerlərə sıxaclar qoymaq və toxumaları qayçı ilə kəsmək idi. Hər bir addımı əvvəlcədən proqramlaşdırmaq əvəzinə, tədqiqatçılar SRT-H-ni gənc həkimləri öyrətdikləri kimi təlimləndiriblər - ona real əməliyyatları göstərməklə. Robot universitet cərrahlarının donuz meyitləri üzərində eyni proseduru necə icra etdiklərini əks etdirən videolara baxıb. Öyrənməni möhkəmləndirmək üçün vizual məlumatlar hər mərhələnin mətn təsvirləri ilə tamamlanıb.
         Videomaterialları öyrəndikdən sonra robot əməliyyatı 100% dəqiqliklə həyata keçirib. Prosedurun icrası süni zəka əsaslı cərrah üçün insana nisbətən daha çox vaxt aparsa da, işin keyfiyyəti təcrübəli mütəxəssis səviyyəsinə uyğun olub. Qeyri-standart şəraitlər də robota mane olmayıb. Məsələn, alətlərin ilkin mövqeyi dəyişdikdə və ya qanı təqlid edən boyayıcı maddələr istifadə olunduqda - bu, anatomiya quruluşlarının vizual qavrayışını çətinləşdirirdi - robot heç bir problem yaşamadan işləməyə davam edib. Komanda sistemin daha çox əməliyyatda öyrədilib test edilməsini, eləcə də tam avtonom cərrahi müdaxilələri yerinə yetirə bilməsi üçün imkanlarının genişləndirilməsini planlaşdırır.
    Paylaş