Logo
    main-post-cover

    Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər

    Elm & Texnologiya
    07.05.2024
    Farid
         Uzun illər ərzində öz Exynos prosessorlarının aşağı keyfiyyətdə olmaları səbəbilə çoxlu sayda tənqidə məruz qalmış Samsung şirkəti vəziyyəti düzəltmək yolunda irəliləyir. Məsələn Galaxy S24 smartfon seriyası tərkibində təqdim edilmiş Exynos 2400 flaqman prosessoru daha öncəki Exynos modellərindən daha keyfiyyətlidir. Bunun əsas səbəblərindən biri də AMD ilə əməkdaşlıq çərçivəsində hazırlanmış xüsusi güclü qrafik çipdir.
         Lakin ortaya çıxmış məlumata əsasən Samsung 2026-cı ildə təqdim olunacağı gözlənilən Galaxy S26 smartfon seriyası çərçivəsində istifadəyə veriləcək Exynos 2600 prosessorunda AMD-nin qrafik prosessorundan imtina edə və öz fərdi qrafik prosessorundan istifadə edə bilər. Roland Quandt adlı məşhur insayderin sözlərinə əsasən Samsung hal-hazırda S5E9955 model nömrəsinə sahib yeni nəsil Exynos prosessoru üzərində çalışır və onun qrafik çipi qismində AMD RDNA arxitekturası əsasında hazırlanmış qrafik çip çıxış edəcək.
         Hazırlanan bu prosessor çox güman ki, Exynos 2500-dır və o, Galaxy S25 smartfon seriyasında istifadə ediləcək. Daha sonra isə şirkət Galaxy S26 smartfon seriyası üçün nəzərdə tutulmuş növbəti Exynos prosessorunu hazırlayacaq. Məlumata əsasən Galaxy S26 smartfon seriyası üçün nəzərdə tutulacaq növbəti Exynos prosessoru məhz Samsung-un fərdi qrafik çipinə sahib olacaq. Bu isə o deməkdir ki, Samsung AMD-nin qrafik çiplərindən imtina edəcək.
    Paylaş