main-post-cover

    Samsung gələcək smartfonları üçün özünün ISOCELL Vizion adlı ToF kamera sensoru üzərində çalışır

    Elm & Texnologiya
    21.09.2020
    Emil Nəcəfov
        Bu ilin əvvəlində olmuş ilk flaqman Galaxy S20 Galaxy S20 Ultra smartfonları ToF kamera sensorlarına sahib idilər. Lakin avqust ayında təqdim olunmuş Galaxy Note 20 seriyasında bu sensorlardan istifadə olunmadı. Çox güman ki, bunun səbəbi ondadır ki, bu cür sensorların istehsalı ilə Sony şirkəti məşğul olur və onun Apple ilə eksklüziv müqaviləsi var. Belə ki, təkmilləşdirilmiş LiDAR skanerlərini məhz Sony şirkəti istehsal edir. Lakin Samsung şirkəti ToF sensorların istehsalı məsələsini öz üzərinə götürür.
        Bu barədə Letsgodigital saytı xəbər verib. Bundan sonra ToF kamera sensorlarını Samsung şirkəti özü istehsal edəcək. Belə ki, bu məsələ ilə bağlı ISOCELL Vizion adlı ticarət nişanı Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyində qeydiyyatdan keçirilib. Ticarət nişanının təsvirindən belə qənaətə gəlmək olar ki, ISOCELL Vizion məhz ToF kamera sensorudur və üzlərin təyin olunması üçün ondan həm ön kamerada həm də arxa kamerada istifadə etmək olar.
        ISOCELL Vizion sensorunun nə zaman hazır olacağı və hansı smartfonlara inteqrasiya ediləcəyi barəsində bir məlumat yoxdur. Lakin heç istisna deyil ki, Samsung istehsalı olacaq ToF kamera sensorları artıq gələn ilki Galaxy S21 seriyasına inteqrasiya olunacaqlar. Qeyd etmək lazımdır ki, ToF sensor 3D kameradır və o, obyektdən əks olunan işıq vasitəsilə obyektə qədər olan məsafəni və dərinliyi ölçə bilir. Bununla yanaşı bu kamera vasitəsilə fotolarda bokeh effektini yaratmaq olar.
    Linki kopyala