
Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
03.11.2023
Emil
Financial News saytının verdiyi məlumata əsasən Samsung şirkəti özünün ekzoskeletini satışa çıxartmağa hazırlaşır. Məlumatda qeyd edilib ki, satışa çıxarılacaq ekzoskelet yaşlı və fiziki məhdudiyyətə sahib insanlar üçün nəzərdə tutulacaq. Məlumata əsasən ekzoskeletin təqdimatı yaxın aylar ərzində baş tutacaq. Bot Fit adlı ekzoskeletin yanvar ayında keçiriləcək CES 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Samsung daha öncə Bot Fit adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi sorğusunu göndərmişdi.
Məlumata əsasən ekzoskelet bud və belin aşağı hissəsinə bərkidilmək üçün nəzərdə tutulub. Nəticədə ekzoskelet istifadəçinin hərəkət etməyə səy göstərdiyi istiqamətdə onun ayaqlarını itələyir. Bot Fit-in iki rejimdə çalışacağı gözlənilir. Booster və Aqua. Birinci rejim hərəkət prosesinin sadələşdirilməsi, ikinci rejim isə müəyyən zədədən sonra reabilitasiya və istirahət üçün nəzərdə tutulacaq. Bununla yanaşı ekzoskeleti Samsung-un smartfonlarına, smart saatlarına və qulaqlıqlarına naqilsiz şəkildə qoşmaq mümkün olacaq. Ekzoskeletin texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
