Logo
    Sierra Space 90 dəqiqəyə yük çatdıracaq orbital aparatı sınaqdan keçirdi

    Sierra Space 90 dəqiqəyə yük çatdıracaq orbital aparatı sınaqdan keçirdi

        “Sierra Space” ABŞ ordusunun dəstəklədiyi “Ghost” orbital yük aparatını sınaqdan keçirib. Sistem yükü əvvəlcədən orbitə çıxarmaq, çağırışdan sonra isə Yer kürəsinin istənilən nöqtəsinə 90 dəqiqə ərzində çatdırmaq üçündür. Şirkət 2 sınaq buraxılışını uğurla başa vurub. Bunlar “Ghost”un son 2 ildəki ilk sınaqlarıdır.
        Sınaq zamanı “Ghost” yüksək hündürlük balonundan əvvəl təxminən 10,7 km, daha sonra 20,9 km yüksəklikdən buraxılıb. Yük bölməsinə 1 şüşə viski və proqramla idarə olunan radio qoyulub. Bu əşyalar eniş zamanı mayenin və həssas elektronikanın ağır şəraitə davam gətirib-gətirmədiyini yoxlamaq üçün seçilib. Eyni zamanda yükün enişdən sonra yerdəki qrup tərəfindən götürülməsi də sınaqdan keçirilib.
        Nümayiş ABŞ Kosmik Komandanlığının “Apollo Nexus” təliminə daxildir. Təlimin məqsədi mürəkkəb əməliyyatlar zamanı müxtəlif bölmələrin birgə işini yoxlamaqdır. “Ghost” adi raket yükü kimi dünyanın digər tərəfindən buraxılıb dərhal cəbhəyə göndərilməyəcək. Aparat lazımi yüklə orbitdə 5 ilədək qalacaq və ehtiyac yarananda Yerə enməsi üçün çağırılacaq.
        “Sierra Space”ın məlumatına görə, “Ghost” çağırışdan sonra yükü 90 dəqiqə ərzində çatdıra bilər. Sistem hərbi yük təyyarələrinin girə bilmədiyi təhlükəli ərazilərə təchizat göndərmək üçün hazırlanır. Bunun üçün hərbçilər lazım ola biləcək avadanlığı əvvəlcədən seçməli, kosmosa çıxarmalı və orbitdə saxlamalıdırlar. Başqa sözlə, uzaq bazalarda ehtiyat yük saxlamaq prinsipi kosmosa daşınır.
        “Ghost” 5 tondan 10 tona qədər yük daşıya bilər. Bu səbəbdən tank və ya artilleriya qurğusu kimi ağır texnika üçün uyğun deyil. Aparatla əsasən avadanlıq, sursat və başqa təchizat daşına bilər. Şirkət pilotsuz uçuş aparatlarının, eləcə də mikrodalğa ilə dronları zərərsizləşdirən sistemlərin ekipajlı təyyarələri riskə atmadan hərbi bölmələrə endirilə biləcəyini düşünür.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...