Logo
    main-post-cover

    Sizi qorxuya salacaq 5 texnoloji gələcək nümunəsi

    Elm & Texnologiya
    09.07.2017
    Emil
    Gələcək üzrə olan bütün proqnozlar bir-birilərinə oxşayır. Onlar ya lap yaxşı, ya da lap pis olurlar. Yaxşı olan proqnozlarda insanlar müxtəlif məhsullara və xidmətlərə sahib olacaqlar. Əvvəlkindən daha çox boş zaman əldə edərək istədikləri yerlərə səyahət edə biləcəklər. Pis olan proqnozlarda isə süni zəka, hakimiyyəti ələ keçirərək insanlığa son qoyacaq.
    Bioloji bərabərsizlik:
    Texniki tərəqqi bizlərə, valideynlərimizin belə arzu edə bilmədikləri imkanları verdi. Elektronika və informasiya texnologiyaları sahəsindəki inkişaf nəticəsində kompüterlər, smartfonlar, internet və peyk naviqasiyası kimi texnoloji trendlər hamı üçün aktiv oldu. Bir neçə müddətdən sonra isə bizləri avtopilot sistemli elektromobillər və ağıllı əşyalar gözləyir. Kimdə isə bu texnoloji trendlər olacaq, kimdə isə olmayacaq. Lakin növbədə olan biotexnoloji və tibb sahəsindəki inqilabdır. Bizi gözləyən biotexnoloji inqilab çox güman ki, bu cür olacaq: Tam sağlamlıq, uzun ömürlülük, gözəllik və orqanizmin fiziki imkanlarının təkmilləşdirilməsi. Lakin burda bir nüans var. Təsəvvür edin ki, sizin cibinizdə bahalı olmayan lakin orta səviyyəli bir smartfon var. Digəri isə sizin cihazınızdan qat-qat bahalı olan bir smartfon işlədir. Bununla razılaşmaq olar. Lakin kimsə sizdən tam sağlam şəkildə 100 il çox yaşasa, burda artıq insan bərabərliyi baxımdan problemlər yaranır. İnsanlar sahib olduqları ilə fərqlənməyəcəklər. Onlar bioloji cəhətdən kim olduqları ilə fərqlənəcəklər. Yəhudi Universitetinin tarix üzrə professoru və “Sapiens: A Brief History of Humankind” adlı ktabın müəllifi Yuval Noah Harari düşünür ki, bu yüzilliyin sonuna kimi insanlar müxtəlif bioloji səviyyələrə ayrılacaqlar.
    Onun fikrincə insanlığın bütün tarixi boyu insanlar arasında bərabərsizlik faktoru yalnız güclənib. Lakin bütün bu vaxt ərzində insan fikrinin nailiyyətləri (humanizm, liberalizm, sosializm) mümkün səviyyədə cəmiyyətdə resursların paylanmasında yaşanmış bərabərsizliyin qarşısını alıb. Eyni zamanda insan kütlələri, piramidaların tikilməsi vaxtından əsas istehsalat gücü hesab olunub. Elit cəmiyyət digərlərinin təhsili, sağlamlığı və s. kimi göstəricilərinə qayğı ilə yanaşmağa məcbur olublar. Lakin bu prosesin sonu yaxınlaşır. Avtomatlaşdırılmış sistem və robotlar, insanları, istehsalat sahəsindən uzaqlaşdırır. Nəticə etibarilə isə insanlar öz daimi gəlirlərindən məhrum olurlar. Hararinin fikrincə növbəti əsrdə cəmiyyətdə olacaq bərabərsizlik, maksimum həddə çatacaq. Həmin vaxtda varlı insanlar isə daha da varlanacaqlar. İqtisadi bərabərsizlik, bioloji bərabərsizliyi yaradır. Müəyyən sinifin nümayəndələri öz bədənlərini təkmilləşdirə biləcəklər. Digərləri üçün isə bu cür imkan yolverilməz olacaq. Beləliklə biotexnologiya və biomühəndisliyə sahib olacaq insanların bir hissəsi öz sağlamlıqlarında problemlər yaşamayacaq. Həmin insanlar özlərini təkmilləşdirərək daha sağlam, daha ağıllı olacaqlar və digərlərindən daha uzun müddət yaşayacaqlar. Bu imkanlara sahib olmayacaq insanlar isə bu prosesi yalnız qıraqdan izləyəcəklər.
    Lazımsız sinif:
    Vaxtı ikən sənayeləşdirmə, fəhlə sinifini yaratdı. İndi isə Sənayeləşdirmə 2.0 həmin fəhlə sinifini məhv etməyə çalışır. Lakin buna baxmayaraq insanlar yoxa çıxmayacaqlar. Buna baxmayaraq texnoloji inkişafın yaratdığı irimiqyaslı işsizlik heç zaman özünü doğrultmayıb. Həmişə bir vəzifənin yerinə digəri gəlib. Lakin bunun həmişə belə olacağı, fakt kimi qəbul olunmur. Hər dəfə yeni texnoloji mərhələdə yeni peşələrə olan tələblər qalxıb. Beləliklə müəyyən bir anda insanlar sadəcə olaraq irəli addım ata bilməyəcəklər. Onlar öyrənə və yeni tələblərə yiyələnə bilməyəcəklər. Yeni yaranacaq vakansiyalar, onlar üçün yolverilməz olacaq. İnsanların əvvəllər öz çalışdıqları yerlərdə gördükləri işlərlə, gələcəkdə görülməsi lazım olacaq işlər arasında çox böyük fərq olacaq. Buna misal olaraq Harari, virtual dünyaların dizayneri kimi yeni peşəni gətirir. Bu peşəyə 20 illik təcrübəsi olan taksi sürücüsü və ya sığorta üzrə agent yiyələnə biləcək mi? Adətən yeni perspektivli peşələri məhz gənc nəsil öyrənir. Bu isə tədricən baş verən bir prosesdir. Yaşlı insanlar öz ənənəvi iş yerlərində təqaüdə kimi çalışırlar.
    Yeni nəsil isə yeni yerləri tutur. Bu səfər isə hər şey bir anın içərisində baş verə bilər. Harari-nin fikrincə bu əsrin ortasında insanlar arasında yeni sinif yaranacaq. Həmin sinif lazımsız sinif olacaq. Sözügedən sinifə daxil olacaq insanlar sadəcə işsiz insanlar hesab edilməyəcəklər. Bununla yanaşı onlar yeni yaranacaq peşələrə yiyələnə bilməyəcəklər. Onun fikrincə texnoloji tərəqqi sayəsində onlar kasıb olmayacaqlar. Belə ki, onlar təmənnasız ümumi gəlirin hesabına yaşaya biləcəklər. Lakin Harari-nin fikrincə burda problem tamamilə başqa məsələdədir. Belə ki, konkret bir işsiz və ideyalarsız, insanlar dəli ola bilərlər. İnsanlar, məqsədə çatmağa, müəyyən tapşırıqları yerinə yetirməyə, müxtəlif emosiyaları yaşamağa ehtiyac duyurlar. Bu məsələdə çıxış yolu virtual reallıq ola bilər. Belə ki, Harari-nin fikrincə özü üçün lazım olanı real həyatda tapa bilməyən insan, bunu virtual reallıqda edəcək. Məhz buna görə o, virtual dünyaların dizayneri peşəsini tez-tez misal kimi gətirir. Kompüter oyunları, lazımsız sinif üçün həyatın mənası kimi qəbul olunacaq.
    İnsan, robotun əlavə mexanizmi kimi:
    Artıq demək olar hamı bilir ki, texnoloji tərəqqi, irimiqyaslı işsizlik probleminə gətirib çıxardacaq. Əslində bu məsələdə tendensiya göz önündədir. Robotexnika sahəsindəki inkişaf, işlək robotların yaranmasına gətirib çıxardır. Həmin robotlar isə insanlardan daha tez və effektiv çalışırlar. Lakin burda çox vacib bir nüans var. Bizim iş yerlərimizdə qalıb-qalmamağımızı, robotları yaradan mühəndislər və ya robotların özləri deyil, iqtisadçılar müəyyən edəcəklər. Onlar isə yalnız iqtisadi effektivlik haqqında düşünürlər. Əgər insanın iş qüvvəsi, robotların iş qüvvəsindən daha effektiv olsa, onda insanlar öz iş yerlərini qoruyub saxlaya biləcəklər. Əgər əvvəllər insan, robotdan daha ağıllı idisə, gələcəkdə insan, əmək bölgüsü sistemində digər üstünlüyə sahib olacaq. Union Square Ventures fondunun icraçı tərəfdaşı Albert Wenger düşünür ki, insanlar, robotlar qarşısında rəqabətçil üstünlüyü özlərində qoruyub saxlaya biləcəklər. Lakin burda işverənlər vacib faktoru canland;racaqlar. Belə ki, onlar üçün insanlar, robotlardan daha ucuz başa gələcək. Bu barədə Wenger, London taksilərini misal gətirib. Belə ki, bu məşhur taksidə sürücü kimi çalışmaq üçün ilk öncə 4 il ərzində bu peşəni öyrənib daha sonra 25.000 London küçəsini yadda saxlamaq lazım gəlirdi.
    Bu cür sərt şərtlərdə 10 tələbədən 7-i işdən imtina edirdi. Hal hazırda isə bu cür böyük məlumatları yaddaşda saxlamağa ehtiyac yoxdur. Bu öhdəliyi öz üzərinə proqram təminatı götürür. Beləliklə sürücüyə olan tələblər getdikcə aşağı düşür. Onun öhdəliyinə sadəcə olaraq müştərini lazımi yerə çatdırmaq düşür. Adi sürücülüyü öyrənmək çox asandır. Asan işə isə tələbat çoxdur. Bu isə o deməkdir ki, maaş göstəricisi aşağı düşməyə başlayacaq. Wenger bildirir ki, ümumilikdə əgər robot, insanın gördüyü işin bir hissəsini öz üzərinə götürsə, onda işçinin alacağı maaş da az olacaq. Bu isə insanın iş qüvvəsindən tamamilə imtina etməkdən daha effektivdir. Taksi sürücüləri ilə olan məsələ, yeganə misal deyil. Robotlar artıq birjalarda ticarət məsələsi ilə məşöul olurlar. Süni zəka IBM Watson isə xəstəliklərin diaqnozlarını və ən optimal müalicə üsulunu təyin edir. Həkimə isə bu nəticə ilə razılaşıb-razılaşmamaq qalır. Bu cür halların sonunda dünya üzrə idarəetməni güclü süni zəkaya həvalə edilməsi gözlənilə bilər. İnsanlar isə robotlara xidmət göstərəcək və süni zəkanın əmrlərini yerinə yetirəcəklər. Süni zəkanın dünya üzərində idarəçəliyi, ən məşhur mənfi proqnozlardandır.
    Şəxsi mülkiyyətsiz, gələcək:
    Bir çox onilliklər ərzində “Amerika arzusunun” maddi ifadəsi kimi özəl ev və hər bir ailə üzvü üçün avtomobil hesab olunub. Müəyyən mənada bu cür prinsip həmçinin bütün dünya üçün keçərli idi. Lakin göründüyü kimi firavan həyatın bu cür standartı artıq keçmişdə qalmaq üzrədir. ABŞ haqqında danışanda, müasir tədqiqatlar nəticəsində belə qənaətə gəlmək olar ki, bu ölkədə 35 yaşına kimi olan bir çox insanlar özəl ev və avtomobildən imtina edirlər. Həmin qrup insanları artıq “icarədar nəsli” adlandırıblar. Onlar hətta ipoteka vasitəsilə də ev almırlar. Onlar evi icarəyə götürürlər. Həmin insanlar avtomobillər almırlar. Onlar taksidən istifadə edirlər. Zaman elə gətirdi ki, həmin insanlar üçün Uber Airbnb kimi servislər fəaliyyət göstərir. Bütün bu proses isə “istifadənin birgə iqtisadiyyatı” adlanır. Bu isə hələ başlanğıcdır. The Guardian-ın jurnalisti Ben Tarnoff, ilk baxışdan fantastik görünən gələcəyi təsvir edir. Onun təsvir etdiyi yaxın gələcəkdə, “istifadənin birgə iqtisadiyyatı” qrupuna sahib olan insan, şəxsi əşyalarsız da keçinə bilir. Söhbət, evdən və ya avtomobildən getmir.
    Söhbət, yay fəslində icarədara geri qaytarılan paltodan, tək yatmayacağınızı anladığınız zaman kiçik çarpayını dəyişəcəyiniz daha böyük çarpayıdan və müəyyən vaxtda sizə lazım olacaq digər əşyalardan gedir. Əsas məsələ bütün bu əşyaları icarəyə götürməyə vəsaitiniz olsun. Keçən əsrdə amerikalı yazıçı və fantast Philip Dick bu cür ideyanı 1969-cu ildə nəşr olunmuş “Ubik” adlı romanında təsvir etmişdi. Romanın baş qəhrəmanı hər dəfə istifadəyə görə icarə haqqını ödəmək lazım olan əşyaların əhatə olunduğu bir dünyada yaşayır. Giriş qapıları, kofe maşınları və hətta soyuducular belə, qəpikləri daxil etmək üçün xüsusi yerə sahib olurlar. Əgər qapını açmaq istəyirsənsə, onda həmin yerə 5 sent daxil etməlisən. Kitab yarım əsrdən bir qədər çox müddət əvvəl yazılıb. Həmin kitabda təsvir edilmiş texnoloji qərarlar həqiqətən də maraqlı görünür. Lakin biz artıq 21-ci əsrdə yaşayırıq və texnoloji inkişaf həmin ideyaların yüksək səviyyədə reallaşdırılmasına imkan verir. Mülkiyyətə sahib olmaq çox bahadır. Hər şey buna doğru gedir. Əgər siz nəyəsə sahibsinizsə, onda onu digərləri ilə bölüşmək lazımdır. Əgər sizin heç nəyiniz yoxdursa, onda bu müəyyən mənada müsbət haldır. Belə ki, siz, sizə lazım olan hər şeyi icarəyə götürə bilərsiniz. Təbii ki, pulunuzun və işinizin olması mütləqdir.
    Özəl həyatsız şəxsiyyət:
    Biz artıq çox gözəl bilirik ki, gün ərzində bizim barədə məlumatlar yığılır. Bu məlumatların yığılması isə müxtəlif üsullar vasitəsilə reallaşdırılır. Bizim axtarış sorğularımız, smartfonlarda olan məlumatlar, küçələrdə olan kameralar, ödəniş zamanı istifadə etdiyimiz bank kartları və s. Texnologiyalar bizim hər bir addımımızı izləməyə imkan verir. Yaxın gələcəkdə bizlər haqqında olan məlumatlar böyük məlumatlar bazasına ötürüləcək və analiz olunacaq. Təsəvvür edin ki, siz, aptekdən qəbul müddəti 2 həftə olan dərman almısınız. Dərmanın pulunu isə bank kartı vasitəsilə ödəmisiniz. Dərmanın qəbulunun bitməsinə bir neçə gün qalmış kontekst reklam servisləri bütün saytlarda sizlərə, rəqabətdə olan digər dərman növlərinin reklam elanlarını əks etdirəcəklər. Beləliklə sizin, internetdə özünüzü necə aparmağınızdan əlavə olaraq real həyatdakı davranışlarınıza görə də sizə hansı reklam elanının göstəriləcəyi müəyyənləşdiriləcək. Bir tərəfdən bu, həyatı asanlaşdırır, digər tərəfdən isə problemlər yaradır. Bizim hər bir addımımız haqqında məlumat yığan şirkətlər.
    Günümüzdə texnoloji tərəqqi hesabına bu cür hallar mümkün oldu. Bundan əlavə olaraq özəl məlumatlar, məhsul xarakterini daşımağa başladı. Ən qorxunc hal isə odur ki, bu məhsul sözün əsl mənasında yaxşı satılır. Dövlət qurumları, təhlükəsizlik problemləri haqqında, böyük şirkətlər isə öz gəlirlərini çoxaltmaq haqqında düşünürlər. Bəs bu halda adi insan nə etməlidir? “Microsoft” şirkəti tərəfindən aparılmış qlobal The Consumer Data Value Exchange tədqiqatı nəticəsində məlum olub ki, internet istifadəçilərinin 99.6%-i müəyyən vəsait müqabilində özləri haqqında məlumatları satmağa razıdırlar. “Luth Research” adlı şirkət artıq sizin haqqda olan məlumatları alıb sonradan onları öz müştərilərinə satmağa hazırdır. Ola bilər ki, gələcəkdə özəl məlumatların satışı, əlavə gəlir mənbəyi kimi hesab olunsun. Yeni texnologiyalar və yeni həyat tərzi bir sıra problemləri aradan qaldırmağa yardımçı olacaq. Bu cür həyat tərzinə sadəcə olaraq öyrəşmək lazımdır. Kim bilir bəlkə də bizim övladlarımızın bu cür gələcəkdən xoşları gələcək.
    Paylaş
    Bənzər xəbərlər