
Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
04.11.2023
Emil
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Snapdragon 8 Gen 3 prosessorunun daha sürətli versiyası üzərində çalışır. Söhbət, Snapdragon 8 Gen 3 for Galaxy prosessorundan gedir. Gözləntilərə əsasən Galaxy S24 Ultra smartfonu məhz bu prosessor vasitəsilə çalışacaq. Lakin onu bəzi regionlarda Galaxy S24 və Galaxy S24+ modelləri də əldə edə bilərlər. İndi isə məlum olub ki, Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Geekbench testlərindən keçib. Bunun sayəsində onun performans göstəricilərini adi Snapdragon 8 Gen 3-ün performans göstəriciləri ilə müqayisə etmək mümkün olub.

Beləliklə Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2148 xal, çox nüvəli testi çərçivəsində isə 6618 xal toplayıb. Müqayisə üçün adi Snapdragon 8 Gen 3 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2234 xal, çox nüvəli testi çərçivəsində isə 6807 xal toplayıb. Sözügedən performans göstəriciləri arasında belə fərqin əsas səbəbləri bilinmir. Mümkün səbəblər siyahısında Snapdragon 8 Gen 3 for Galaxy prosessorunun quraşdırıldığı smartfon prototipinin soyutma sistemi və sistem drayverləri var. Lakin buna baxmayaraq sözügedən nəticələrdən hələ ki, belə qənaətə gəlmək olar ki, Snapdragon 8 Gen 3 for Galaxy prosessoru adi Snapdragon 8 Gen 3-dən heç də sürətli çalışmır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
