
Snapdragon 8s Gen 3 prosessoru təqdim edilib
Elm & Texnologiya
18.03.2024
Emil
Qualcomm şirkəti Snapdragon 8s Gen 3 adlı yeni prosessorunu təqdim edib. Bu yeni prosessor şirkətin Snapdragon 8 Gen 3 flaqman prosessorunun bir qədər sadələşdirilmiş versiyası qismində çıxış edir. Snapdragon 8s Gen 3 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. O özündə 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3-də nüvələr bir qədər daha yüksək tezliklərdə çalışırlar.

Snapdragon 8s Gen 3-də qrafik imkanlardan Adreno 735 çipi cavabdehdir. Snapdragon 8s Gen 3 24 GB-a kimi LPDDR5x standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Yeni prosessor 5G modem qismində Snapdragon X70 5G-ni əldə edib. Üstəlik Snapdragon 8s Gen 3 240 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi kameraları, Wi-Fi 7 texnologiyasını və generativ süni zəkanı dəstəkləyir. Qualcomm-un bu yeni prosessoru Honor, iQOO, realme, Redmi və Xiaomi-nin orta büdcəli smartfonlarında istifadə ediləcək. Snapdragon 8s Gen 3-ə sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
