Logo
    main-post-cover

    Snapdragon X Elite desktop prosessorunun real test nəticələri ortaya çıxıb

    Elm & Texnologiya
    31.10.2023
    Emil
         Qualcomm keçən həftə Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim etmişdi. İndi isə bu yeni desktop prosessorun real test nəticələri ortaya çıxıb. Test nəticələrindən belə qənaətə gəlmək olar ki, Snapdragon X Elite sözün əsl mənasında yaxşı prosessor alınıb. Lakin qrafik tərəfdən prosessor daha zəif nəticələr sərgiləyir. Prosessorun təqdimatı zamanı Qualcomm onu Apple M2 prosessoru ilə müqayisə edirdi. Şirkət bildirmişdi ki, müəyyən çalışma ssenarilərində onun prosessoru M2-dən daha üstündür. Qeyd etmək lazımdır ki, Snapdragon X Elite prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə Qualcomm-un Oryon adlı 12 ədəd fərdi nüvəsini birləşdirir.
         Qualcomm həmçinin qeyd etmişdi ki, yeni desktop prosessor maksimal performans şəraitində M2 Max-dan 30%, Intel i9-13980HX-dən isə 70% daha az enerji sərf edir. Prosessorun testlərini reallaşdırmaq üçün bloggerlərə Snapdragon X Elite vasitəsilə çalışan iki ədəd noutbuk təqdim edilib. Onlardan biri 80 vatt, digəri isə 23 vatt enerji sərfiyyatına sahib olub. FoneArena testləri onu göstəriblər ki, Snapdragon X Elite bir nüvəli rejim çərçivəsində Apple M2 Ultra, AMD Ryzen 7950X Intel Core i7-13800H də daxil olmaqla bütün aparıcı prosessorları geridə qoyur.
         Lakin çox nüvəli rejim çərçivəsində 80 vatt enerji sərfiyyatına sahib noutbuk AMD Ryzen 7950X-dən 20%, M2 Ultra-dan isə 40% geridə qalıb. Qrafik testlər mövzusunda Snapdragon X Elite Apple prosessorları ilə heç eyni sırada belə qala bilmir. Belə ki, M1 Pro onu 20%, M2 Pro 40%, M2 Ultra isə 159% üstələyir. Qeyd etmək lazımdır ki, Snapdragon X Elite prosessoruna sahib ilk noutbuklar artıq gələn ilin ortasında satışa çıxmalıdırlar.
    Paylaş