Son Dəqiqə! 3 yeni iPhone modeli təqdim olundu [iPhone Xs, Xs Max, XR]

12.09.2018 0 PAYLAŞIM 6677 OXUNMA

 Ötən il təqdim olunan iPhone X smartfonu Apple üçün önəmli  hadisə idi. Xatırladaq ki, bu hadisə şirkət tarixində dizayn və funksionallıq dəyişikliyinin ən irimiqyaslı hadisəsi idi. Bundan sonra şirkət artıq "Home" düyməsinə və barmaq izi skanı texnologiyasına qayıtmayacaq. Artıq Face ID texnologiyası dövrü başlayıb.

Beləliklə, bu axşam ötən ilki iPhone X-in davamçıları olan iPhone XsiPhone Xs Max modelləri rəsmi olaraq təqdim olundu.

Technote.az xəbər verir ki, xarici görünüşündə iPhone Xs iPhone X-dən demək olar ki, fərqlənmir. Yeni model həmin şüşə və poladdan hazırlanmış gövdəyə sahibdir. Lakin iPhone Xs Max modeli öz böyük ekranı ilə seçilir. Belə ki, iPhone Xs Max 6.5 düyüm ekrana sahibdir. iPhone Xs-in ekran ölçüsü isə 5.8 düyümdür. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni iPhone modellərinin ekranları 120 GHz tezlikdə çalışırlar və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyirlər.

    Öz ölçülərinə görə iPhone Xs Max ötən il təqdim edilən iPhone 8 Plus modelinə bənzəyir. Lakin ondan fərqli olaraq iPhone Xs Max modelinin ekranı bir qədər böyükdür. Belə ki, yeni modeldə kənar çərçivələr daha da incə formada hazırlanıb və ana menyu düyməsindən imtina olunub. Hər iki modeldə olan Face ID texnologiyası keçən ilki versiyadan fərqli olaraq daha sürətli çalışır. Yeni iPhone modelləri 7 nanometrlik A12 Bionic prosessoru ilə təchiz olunub. Sözügedən prosessor 6 nüvəlidir və əlavə olaraq 4 nüvəli qrafik oynadıcıya (GPU) sahibdir. Hər iki modelin IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyi var.

  Onu da bildirək ki, ilk dəfə olaraq yeni iPhone modelləri 512 GB daxili yaddaş ilə təchiz olunacaq. Apple tarixində daha bir ilk isə ondan ibarətdir ki, yeni iPhone modelləri 2 SIM kart girişi ilə təqdim olunacaqlar. Lakin məsələ burasındadır ki, fiziki iki SIM kart girişli modellər yalnız Çin bazarında satışa çıxarılacaq. Yerdə qalan bazarlarda isə yalnız bir fiziki SIM kart girişli modellər satışa çıxacaq və onlar eSIM dəstəkli olacaqlar.

    5.8 düyüm böyüklüyündə ekrana sahib olan iPhone Xs 1125x2436 ölçülərində piksel sıxlığına malikdir və hər düyümə düşən piksel sayı 458-dir (PPI). iPhone Xs Max-da isə bu göstəricilər 2688x1242 olmaqla 6.5 düyümdür (PPI=458). Əlavə olaraq iPhone Xs və iPhone Xs Max modellərinin 4 GB RAM ilə gəlməsi gözlənilir. Hər iki modelin kamera xüsusiyyətlərində xırda dəyişikliklər olunub. Beləki, Apple yeni modellərində də 2-li kamera trendi ilə davam edib və hər 2 modelin arxa hissəsində 2 kamera yerləşdirib.     

    Kameralardan birincisi f1.8 diaframlı, ikincisi isə f2.4 diaframlı lensə sahibdir və hər iki kamera 12 meqapikseldir. Kameraların hər birində optik şəkil sabitləmə texnologiyası yer alıb. Ön tərəfdə 7 meqapiksellik (f2.2 diafram) kamera yer alır. Bu hər iki modeldə də belədir. Diqqət çəkən detallardan biri isə portret rejimində şəkilin bulanıqlığının tənzimlənməsidir. Manual qaydada f1.4 və f16 diaframları arasında keçidlər etmək mümkündür. 

    iPhone Xs Max modeli stereo səs yazmaq xüsusiyyətinə də sahibdir. Təbii ki, bu sevindirici bir haldır. FaceID texnologiyası üçün isə ön hissədə infrared kameradan istifadə olunub. Bu əvvəlki X modelində də belə idi. Qiymətlərə gəlincə isə iPhone Xs 999$-dan, iPhone Xs Max isə 1099$-dan başlayan qiymətlər ilə bazara təqdim olunur.

    Təqdimatda daha bir iPhone modeli təqdim olundu. Şirkət bu modelə iPhone XR adını verir və cihazı nisbətən büdcəli smatfon hesab etmək olar. Təbii ki, yeni iPhonelar ilə müqaisədə. Apple bu cihazında da yeni nəsil prosessoru olan A12 bionic setindən istifadə edir. Cihaz sadəcə bəzi detallarına görə bugün təqdim olunan ana modellərdən fərqlənir. iPhone XR sarı, ağ, qara, mərcan, mavi və qırmızı rənglərdə təqdim olunur. 

    7000 seriyalı aliminum gövdə ilə əhatə olunan iPhone XR 6.1 düyümlük Liquid Retina ekrana sahibdir. iPhone-larda artıq ənənə halını almış 3D touch xüsusiyyəti isə bu modeldə yer almayıb. Arxa hissədə isə 2 yox 1 kamera yerləşdirilib. Kamera f1.8 diaframlı lensə sahibdir və 12 meqapikseldir. IP67 suya və toza davamlılıq sertifakatı modeldə yer alıb və iki sim kart dəstəklidir. 

    749$-dan başlayan qiymətlərlə iPhone XR 64GB, 128GB və 256GB daxili yaddaş seçimləri ilə bazara təqdim olunur.