main-post-cover

    SON DƏQİQƏ: Flaqman smartfonların 'qatili' OnePlus 6 təqdim olundu

    16.05.2018
    Farid Pardashunas
        Londonda çoxdan gözlənilən OnePlus 6 flaqman smartfonunun təqdimatı baş tutdu. Şirkətin verdiyi məlumata əsasən bu smartfon istifadəçiyə lazım olan sürəti verməyə qadirdir. Smartfonun hazırlanması prosesində əsas diqqət onun texniki performansına ayrılıb. OnePlus 6-nın dizaynı barəsində məlumatlar hələ təqdimatdan daha öncə məlum idi. Buna görə də təqdimat zamanı smartfon dizayn baxımından heç bir təəccüb doğurmayıb. Beləliklə OnePlus 6 19:9 nisbətli 2280x1080 piksel keyfiyyətli Full HD+ Optic AMOLED ekranla təchiz olunub.

        Ekranın yuxarı hissəsində iPhone X-dəki kimi kiçik çıxıntı var. Lakin istifadəçi istədiyi vaxt smartfon ayarlarından həmin çıxıntı hissəsini qara zolaq vasitəsilə gizlədə bilər. Smartfonun ön panelinin bütöv hissəsini Gorilla Glass 5 qoruyucu şüşəsi örtür. OnePlus 6-nın əvvəlki modellərdən əsas fərqləndirici özəlliyi isə onun şüşədən ibarət arxa panelə sahib olmasıdır. Bundan əlavə olaraq smartfonda olan səs rejimlərinin dəyişdirilməsi düyməsi sağ tərəfə keçirilib. Bu baxımdan sözügedən brendin pərəstişkarları buna öyrəşməli olacaqlar. OnePlus modelləri həmişə flaqman özəlliklərə sahib olublar. OnePlus 6 da istisna deyil.

        Beləliklə smartfon 2.8 GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş (microSD dəstəyi yoxdur), Dash Charge sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya və iki SIM kart girişi ilə təchiz olunub. Kameralara gəldikdə isə OnePlus 6 16 MP (f/1.7 diafraqmalı Sony IMX519 optikası) + 20 MP (f/1.7 diafraqmalı Sony IMX376K optikası) ikili arxa kamera və f/2.0 diafraqmalı 16 MP-lik ön kameraya sahibdir.

        Arxa kameralar barəsində yeniliklərdən təsvirin optik stabilizasiyasını və 720p keyfiyyətində 480fps slo-mo videoların çəkilişini göstərmək olar. Smartfon OxygenOS interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Alıcılar həmçinin smartfona Android P-nin beta versiyasını da yükləyə bilərlər. Smartfon 22 May tarixindən satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 529$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 579$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 629$ qiymətinə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər