main-post-cover

    SON DƏQİQƏ: iPhone SE (2020) rəsmi olaraq təqdim olundu - QİYMƏTİ

    Elm & Texnologiya
    15.04.2020
    Emil Nəcəfov
        Uzun müddət olmuş məlumat sızıntılarından sonra Apple şirkəti sonunda iPhone SE smartfon modelinin ikinci nəslini təqdim etdi. Lakin yeni büdcəli iPhone modeli iPhone 9 əvəzinə sadəcə olaraq iPhone SE (2020) adını əldə edib. Əvvəlki məlumat sızıntılarında olduğu kimi yenilənmiş iPhone SE (2020) smartfonu 2017-ci ildə satışa çıxmış iPhone 8-in dizaynını və tamamilə yeni texniki göstəriciləri əldə edib. iPhone SE (2020) smartfonu əvvəlki iPhone modellərindən yaxşı tanınan dizaynda hazırlanıb və 4.7 düym Retina HD ekran ilə təchiz olunub. Bundan əlavə olaraq sözügedən smartfon fiziki Home düyməsinə də sahibdir və Touch ID texnologiyası ənənəyə sadiq qalaraq məhz həmin düyməyə inteqrasiya edilib.
        iPhone SE (2020)-nin ekranı həmçinin Dolby Vision, HDR10 texnologiyalarını və Haptic Touch funksiyasını dəstəkləyir. Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Yenilənmiş iPhone SE smartfonu hal hazırda aktul olan iPhone 11iPhone 11 Pro modelləri kimi Apple A13 Bionic prosessoru vasitəsilə çalışır. Smartfon 64/128/256 GB daxili yaddaş həcminə sahibdir. Bundan əlavə olaraq yenilənmiş iPhone SE modeli Qi standartı üzrə naqilsiz şarj texnologiyasını, 30 dədiqə ərzində 50% enerji yığma potensialı ilə sürətli şarj texnologiyasını və 2 SIM kart (biri eSIM olmaqla) ilə çalışma özəlliyini dəstəkləyir.
        Sürətli internet bağlantısının əldə olunması üçün Wi-Fi 6 və Gbit-lik LTE-dən istifadə olunur. iPhone SE (2020) 1 ədəd arxa kamera ilə təchiz olunub. Söhbət, f/1.8 diafraqmalı 12 MP-lik kameradan gedir. Smartfon Smart HDRbokeh effektli çəkilişləri dəstəkləyir. Videonu isə saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində çəkmək olar. Ön kamera 7 MP-dir. iPhone SE (2020) iOS 13 əməliyyat sistemi vasitəsilə çalışır. Onun komplektində EarPods qulaqlığı, Lightning konnektoru, Lightning-USB-A naqili və 5 vatt gücündə şarj cihazı var. iPhone SE (2020) 23 aprel tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 399$-a, 128 GB daxili yaddaşa sahib model 449$-a, 256 GB daxili yaddaşa sahib model isə 549$-a satılacaq.
    Linki kopyala