main-post-cover

    Sosial bərabərlik və ya Qeyd-Şərtsiz Baza Gəliri nədir və o necə çalışır?

    27.12.2017
    Emil Nəcəfov
    Dövlət gec-tez öz vətəndaşlarına onların sadəcə var olduqlarına görə pul ödəyəcək. Yaxın gələcəkdə dövlətlər bir çox peşələrin yox olması problemi ilə qarşılaşacaqlar. Robotlaşdırma sistemi nəticəsində bir çox insanlar işsiz qalacaqlar və yeni peşələrə yiyələnməli olacaqlar. Lakin problem ondan ibarətdir ki, bu heç də hamıda mümkün olmayacaq və həmin insanların dolanmaqları üçün onlara pul lazım olacaq. Bu cür krizisin aradan qaldırılması üçün əsas variantlardan biri də qeyd-şərtsiz baza gəliridir. Bu halda dövlət öz vətəndaşlarına elə-belə pul vəsaiti ödəyir. Bundan əlavə olaraq o, güzəşt və müavinətləri ləğv edir.
    Qeyd-şərtsiz baza gəliri, təməlində ödəmə modeli olan sosial konsepsiyadır. Konsepsiya üzrə dövlət hər ay hər bir vətəndaşa eyni dərəcədə vəsait ödəyir. Bu konsepsiyanı dəstəkləyən insanlar hətta “Ümumdünya Baza Gəliri Şəbəkəsi” (Basic Income Earth Network) adlı təşkilat da yaradıblar. Təşkilat bu konsepsiyanı inkişaf etdirir və onun təcrübi mərhələlərini analiz edir. Bu barədə məlumatları isə təşkilat öz rəsmi saytında yerləşdirir. Təşkilatın fikrincə baza gəlirinin əsas xüsusiyyətləri aşağıdakılar olmalıdır:
    1. Baza gəliri dövri olmalıdır: Vəsait mütəmadi zaman ərzində (məsələn hər ay) ödənilməlidir
    2. Pul ilə ödənməlidir: Baza gəliri pulun heç bir ekvivalenti ilə (məsələn qida məhsulları və xidmətlər) ödənməməlidir. Baza gəlirini əldə edən şəxslər azad şəkildə vəsaitin hara və necə xərcləyəcəklərinə qərar verməlidirlər
    3. Baza gəliri cəmiyyətin hər bir nümayəndəsinə ödənilməlidir: Baza gəliri təkcə ayrı-ayrı qrup insanlara və evdar qadınlara ödənilməməlidir
    4. Baza gəliri universal olmalıdır: O, hər bir şəxsə hansısa testlərin keçirilməsi və kriteriyalar üzrə verilməməlidir
    5. Baza gəliri şərt qoyulmadan ödənilməlidir: Baza gəliri istənilən şəxsdən işləmək və ya işləməyə hazırlıq göstərişi tələb olunmadan ödənilməlidir.
    Dövlətin qərarından asılı olaraq qeyd-şərtsiz baza gəlirinə əlavə olunacaq vəsaitlərin mənbələri müxtəlif ola bilər. Əsas mənbələr siyahısında bu konsepsiyanın işə düşəcəyi halda ləğv olunacaq vergilər, müxtəlif müavinətlərdən olan pullar və emissiyalar (bütün növ pul nişanlarının və dəyərli kağızların dövriyyəyə buraxılması) var. Sözügedən konsepsiyanı dəstəkləyən insanların fikrincə qeyd-şərtsiz baza gəliri aşağıdakı problemləri həll edə bilər:
    1. Kasıbçılıq problemi: Hər bir şəxs yaşamaq üçün yetərli dərəcədə pul vəsaiti əldə edəcək
    2. İşsizlik problemi: İstehsalat prosesi avtomatlaşdırma sisteminə keçid etdiyi üçün işə daha az insanlar cəlb olunur. Süni zəkanın işə düşməsi və inkişafı, robotların və yeni texnologiyaların var olması bəzi peşələrin ümumilikdə lazımsız olmalarına gətirib çıxaracaq
    3. Fəaliyyət seçimi problemi: İnsanlar yaşamaq üçün bazar tələblərinə uyğunlaşmaqdan azad olacaqlar. Bu isə öz növbəsində onlara istədikləri işlə məşğul olmağa imkan verəcək. Beləliklə onlar nəticəyə daha çox fikir verəcək və yüksək nailiyyətlər əldə edəcəklər
    4. Ödəmə təşkilatçılığına xərclərin azaldılması: Hamıya eyni dərəcədə vəsait ödədikdə hamını bu proqrama uyğun gəlməsini yoxlamağa ehtiyac qalmır. Müavinətlərin verilməsi prosesində isə bu hal hazırda mövcuddur.
    Dalia Research” adlı şirkət avropalıların baza gəlirinə qarşı yanaşmaları barəsində məlumatları mütəmadi olaraq yığıb və onları analiz edib. Şirkət tərəfindən sonuncu sorğu bu ilin Mart ayında aparılmış və həmin sorğuda 28 ölkədən 11.000 insan iştirak etmişdir. Sorğuda iştirak etmiş insanlara növbəti sualı veriblər: “Baza gəliri sizin iş seçiminzə hansı effekti verərdi?”. Sorğuda iştirak edənlərin yalnız 3%-i bildirib ki, baza gəliri halında ümumiyyətlə işləməzdilər. İnsanların çox hissəsi (37%) bildirib ki, baza gəliri onların iş seçiminə təsir etməz. 17% isə qeyd edib ki, baza gəliri onlara ailələri ilə daha çox zaman keçirtmələrinə imkan yaradardı. Həmçinin avropalılar qeyd edblər ki, baza gəliri halında onlar (7%) könüllülük işləri ilə məşğul ola, öz bacarıqlarını inkişaf etdirə (7%), iş yerini dəyişə (3%) və freelance iş ilə məşğul olardılar (4%).
    Bununla yanaşı insanlar narahatdırlar ki, baza gəliri nəticəsində onların işləmək üçün motivasiyaları olmayacaq. Sorğuda iştirak edənlərdən bu konsepsiyaya qarşı fikirlərini söyləmək xahiş olunduqda insanların 52%-i bildrimişdi ki, bu halda insanların çoxları işləməyəcəklər. Sorğu iştirakçılarının 32%-i isə qeyd etmişdi ki, baza gəlirindən istifadə etmək üçün onların dövlətlərinə miqrantların axını olacaq. Bununla belə avropalıların konsepsiyaya maraqları getdikcə artır. Belə ki, sorğu iştirakçılarına baza gəlirinin işə salınmasına səs verib-verməyəcəkləri sualı verilib  və 2016-cı il ilə 2017-ci il üzrə cavabların çoxluğu analiz edilib. Nəticədə məlum olub ki, baza gəlirinin işə salınmasına səs verəcəklərin faiz göstəricisi 64%-dən 68%-ə qalxıb. Konsepsiyaya qarşı çıxanlar qeyd edirlər ki, hal hazırki siyasi vəziyyətlə bağlı onu reallaşdırmaq çox çətindir. Bundan əlavə olaraq bunun üçün böyük resurslar lazım olacaq.
    Buna baxmayaraq baza gəliri barəsində artıq bir sıra təcrübələr aparılıb və daha da aparılması planlaşdırılır. Bu mövzu ilə əlaqəli ilk təcrübələrdən biri 1974-1979-cu illərdə Kanada ştatının Manitoba əyalətində keçirilmişdir. Layihə Mincome adlanırdı. Vinnipeq, Dofin şəhərləri və digər kənd əhaliləri öz ailələri üçün zəmanətli illik gəlir əldə edirdilər. Müavinətin miqdarı isə insanların aldıqları maaşlardan asılı idi. Hər qazanılmış dollar əvəzinə müavinətdən 50 sent vəsait verilirdi. İlk görünüşdən düşünmək olardı ki, belə bir vəziyyətdə insanlar çalışmaqdan imtina edəcəklər. Lakin təcrübənin nəticələri həqiqətən də təəccübləndirdi. Məlum oldu ki, bu təcrübənin iştirakçıları nəinki kasıblıq şəraitindən çıxdılar, həmdə öz iş yerlərində çalışmağa davam etdilər. Heç kim işdən çıxmırdı. Vəsaitlər isə ailə üzvlərinin səhhətinə və təhsilinə yatırılırdı.
    4 illik təcrübə müddətində məktəbi bitirən uşaqların sayı artdı. 16-18 yaşlı gənclər isə iş tapmaq üçün dərslərini atmaq əvəzinə öz təhsillərini davam etdirdilər. Qadınların gənc yaşda uşaq dünyaya gətirmək halları azaldı. Bundan əlavə məlum oldu ki, psixi xəstəliklərin və yol nəqliyyat hadisələrinin sayı da azaldı. Beləliklə insanlar daha az xəsarət alıb daha az halda xəstəxanalara düşdülər. Bu il Kanada baza gəliri üzrə tədqiqatlarını davam etməyə qərar verdi və öz yeni proqramını işə saldı. Yeni təcrübə 3 il müddətinə nəzərdə tutulur və onda Hamilton, Tander-BeyOntario əyalətində olan Lindsi şəhərlərindən ümumilikdə 4000 insan iştirak edəcək. Təcrübədə iştirak edənlər isə aşağı maaşda çalışan 18-64 yaş arası Kanada vətəndaşlarıdır. Baza gəliri ildə bir dəfə ödəniləcək və xərclənmiş vəsaitlərin hara xərcləndiyi barəsində qeydlər tələb olunmayacaq.
    Bununla belə dövlət insanların bu vəsaitləri hara xərcləmələrinə nəzarət edəcək. Həmçinin əgər hansısa bir şəxs fiziki qüsurluluğuna və ya övladlarına görə müavinət alırsa, dövlət həmin ödənişləri olduğu kimi saxlayacaq. Yeni təcrübənin şərtləri Mincome layihəsinin şərtləri ilə eynidir: Hər qazanılmış dollara görə müavinətdən əlavə 50 sent ödənilmə. Kanadadan başqa bu cür tədqiqatlar həmçinin ABŞ-da, Almaniyada, Hindistanda və digər ölkələrdə də aparılıb. Təcrübələr müxtəlif yollarla maliyyələşdirilirdi. Dövlət, sponsorlar tərəfindən və ya crowdfunding proqramı üzrə. Hesabatlara əsasən tendensiyalar müsbət xarakterli olublar. Uşaqlar daha çox məktəbə gediblər, cinayətkarlığın səviyyəsi aşağı düşüb, iqtisadi aktivliyin səviyyəsi isə qalxmışdır.
    Bu cür təcrübələrin keçirilməsi həmçinin Finlandiyada, Niderlandda Afrikanın bəzi regionlarında planlaşdırılıb. Baza gəliri konsepsiyasına olan bu cür böyük marağa baxmayaraq, belə təcrübələrdən imtina edənlər də olub. Məsələn, İsveçrədə 5 İyun 2016-cı il tarixində baza gəlirinin işə salınması barəsində keçirilmiş referendum nəticəsində 76.9% insan bu təcrübə əleyhinə səs verib. Baxmayaraq ki, baza gəlirinin nəticələri müsbət olub, onlar kifayət qədər deyillər. Belə təcrübələr əsasən az maaşlı və cəmiyyətin aşağı təbəqəli nümayəndələri üçün tətbiq olunur. Birdən birə cəmiyyətin bütün üzvlərinə pul vəsaitlərinin verilməsi halında nəyin olacağını öncədən bilmək qeyri-mümkündür. Lakin kasıblıqla və onun nəticələri ilə mübarizədə bu üsul hələki müsbət nəticələr verir.
    Bu konsepsiyanın əsas problemlərindən biri də ondadır ki, istənilən ölkənin iqtisadiyyatı və sosial sistemi bu konsepsiyanı reallaşdırmaq gücünə sahib deyil. İsveçrədə baza gəlirindən imtinanın səbəbi ondadır ki, o, vergiləri qaldıracaq və sosial müavinəti əvəz edəcəkdi. Lakin daha maraqlı bir nümunə də var. Belə ki, 2016-cı ildə qeyri-kommersiya təşkilatı olan GiveDirectly 6000 Keniya vətəndaşına təbii ehtiyacları (qida, geyim, ev) qarşılamaq üçün pul vəsaiti vermək qərarına gəldi. Lakin layihə bir problemlə qarşılaşdı. Yerli sakinlər sadəcə olaraq inanmırdılar ki, kimsə onlara elə-belə pul ödəyəcək. Regionlardan birində isə sakinlərin 45%-i ümumiyyətlə bu vəsaitlərdən imtina etdi. Belə ki, onlar düşünürdülər ki, onlara pul ona görə verilir ki, onlar şeytana sitayiş edirlər. Bu cür nümunələr onu göstərir ki, baza gəliri konsepsiyasına təkcə ölkənin iqtisadiyyatı deyil həmdə cəmiyyətin özü hazır olmalıdır. Bu kimi faktorlara isə mentalitet, təhsil səviyyəsi və sosial məsələlər təsir edir.
    Linki kopyala