Logo
    main-post-cover

    SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər

    Elm & Texnologiya
    13.06.2025
    Emil
         Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər. Lakin Avropadakı real vəziyyət ondan ibarətdir ki, hətta iflas təhlükəsi altında olsalar belə, Avropa Birliyi rəsmiləri bu şirkətlərin birləşmə şərtlərini operativ şəkildə razılaşdıra bilmirlər. Bu proses 3 ildən artıq vaxt apara bilər ki, bu da mövcud vəziyyət qədər qəbuledilməz sayılır. Avropa Aerokosmik Qrupu ilə Fransa və İtaliyanın şirkətləri arasında peyklər, kosmik sistemlər və xidmətlər istehsalı ilə məşğul olacaq birgə müəssisə yaratmaq məqsədilə kosmik əməliyyatların birləşdirilməsi üzrə danışıqlara ötən ildən başlanılıb. Fransa parlamentinin dərc etdiyi hesabatda qeyd olunur ki, bu birləşmədən əldə ediləcək illik gəlir təxminən 5 milyard avro təşkil edəcək.
         Lakin danışıqların gedişi ilə tanış olan bir neçə şəxs Financial Times-a bildirib ki, əgər razılaşma bu ilin sonunadək əldə olunsa belə, tənzimləyici qurumların və siyasətçilərin nəzarəti səbəbilə birləşmə ən azı 2028-ci ilə qədər, bəlkə də daha uzun müddətə təxirə düşə bilər. Şübhə yoxdur ki, planlaşdırılan birləşmə diqqət mərkəzində olacaq. Bu, müdafiə üçün getdikcə daha vacib sayılan sahədə suverenlik məsələlərinə toxunur, həmçinin rəqabət, texnoloji inkişaf və 20 000-dən çox iş yerini əhatə edən ciddi sosial nəticələr doğura bilər. Bu iş yerləri Fransada, Almaniyada, İtaliyada, Birləşmiş Krallıqda və bu ölkələrdən kənarda risk altına düşə bilər. Vəziyyəti daha da mürəkkəbləşdirən amil odur ki, adıçəkilən ölkələrin hökumətləri tərəfdaşlardan birinin güclənməsindən narahatdır, çünki bu, hansısa ölkədə iş yerlərinin azalmasına səbəb ola bilər.
         Fransada Almaniyanın güclənməsindən qorxurlar, Almaniyada isə Fransanın təşəbbüsü tam öz üzərinə götürəcəyindən ehtiyat edirlər. Eyni zamanda, son illərdə Avropa Birliyində kosmik sahənin maliyyələşdirilməsi ilə bağlı ümumi vəziyyət xeyli pisləşib. Uzun illər ərzində Airbus, Thales və Leonardo kimi şirkətlər dövlət maliyyəsinə arxalanırdılar. Lakin hazırkı vəziyyətdə bu vəsaitlər ABŞ-la müqayisədə nisbətən az miqdarda qalır. Xüsusilə, 2023-cü ildə Avropa Birliyi kosmos sahəsinə 13 milyard dollar ayırdığı halda, ABŞ bu sahəyə 73 milyard dollar vəsait sərf edib. Bundan əlavə, Elon Musk-ın SpaceX Starlink şirkətlərinin uğurları Avropadan olan kosmik şirkətlərin bazar payını əllərindən almağa başlayıb. Bütün bu amillər Avropa şirkətlərini çətin maliyyə vəziyyətinə salıb və onları bizneslərini birləşməyə və yenidən qurmağa məcbur edib.
         Avropa şirkətləri ən çox geostasionar telekommunikasiya peykləri sahəsinə biznes marağının azalmasından zərər görüblər. Bu peyklər Yer səthindən 36 000 km hündürlükdə yerləşirlər. Əvvəllər televiziya yayımı bu sahənin əsas gəlir mənbələrindən biri olsa da, zamanla bu fəaliyyət zərərlə işləməyə başladı. Starlink peyk şəbəkəsinin meydana çıxması ilə isə peyk interneti və peyk rabitəsi xidmətləri, o cümlədən Avropa Birliyinin dövlət qurumları üçün göstərilən xidmətlər də tədricən dayandırılmağa başladı. Məsələn, 2024-cü ildə bütün dünyada cəmi 4 kommersiya xarakterli geostasionar peyk buraxılışı müqaviləsi bağlanıb ki, bu da son 20 ilin ən aşağı göstəricisidir. Tənəzzül Avropanın kosmik sənayesinə ciddi zərbə vurub. 2023-cü ildən etibarən Airbus, kosmik sahədə müqavilələrin itirilməsi nəticəsində 2 milyard avrodan çox zərərə uğrayıb və ötən il 2000 iş yerinin ixtisarı barədə elan verib.
         Thales (67%) və Leonardo (33%) şirkətlərinin ortaq müəssisəsi olan Thales Alenia Space (TAS) isə son 2 ildə təxminən 1300 iş yerinin azaldılacağını açıqlayıb. Agency Partners analitiklərinin fikrincə, Musk Avropanın kosmik sənayesini demək olar ki, məhv etməyə yaxın idi. Mütəxəssislər hesab edirlər ki, bu birləşmə təkcə xərclərin azaldılmasına deyil, həm də daha sürətli innovasiyaların tətbiqinə və operatorların Starlink ilə rəqabət apara bilməsinə imkan verəcək yeni iş modelinin formalaşmasına xidmət etməlidir. “Birləşmə - bu, yalnız yolun başlanğıcıdır”. Lakin əsas sual budur: Şirkətlər bu ciddi dəyişikliklərə nə dərəcədə hazırdırlar? Sorğular göstərir ki, ilkin mərhələdə onlar buna tam hazır deyillər. Tərəflər birləşmə zamanı mövcud ixtisaslaşmanı və formalaşmış istehsalat praktikasını qoruyub saxlamağı planlaşdırırlar. Bu, iş yerlərinin saxlanmasına imkan verəcək, lakin birləşmənin məqsədi bu halda qeyri-müəyyənləşir.
         İxtisarlar yalnız idarəetmə sahəsini əhatə edəcək və bunun gözlənilən effekti verib-verməyəcəyi sual altındadır. Bəzi mütəxəssislər hesab edirlər ki, yeni Avropa reallığında kosmik şirkətlərin birləşməsi məsələsi artıq əvvəlki kimi aktual deyil. Avropa Birliyi ölkələri ABŞ-ın dəstəyi olmadan müdafiəyə daha çox vəsait ayırmağa məcbur olacaqlar. Üstəlik, Almaniya, Fransa və digər ölkələr bu məqsədlə olduqca böyük büdcələr nəzərdə tutublar. Bu da kosmik sənayenin müasir dünyada təhlükəsizliyin əsas dayaqlarından biri kimi dəstəklənməsinə və gücləndirilməsinə töhfə verəcək. Keçmişdə Avropa bu miqyasda biznes birləşməsi sahəsində müsbət təcrübə qazanmışdı. 2001-ci ildə Fransanın Matra, Böyük Britaniyanın BAE Dynamics və İtaliyanın Alenia Marconi Systems raket bölmələrinin birləşməsi nəticəsində MBDA Missile Systems korporasiyası yaranmışdı. Əgər siyasətçilər razılığa gələ bilsələr və ya həyat onları buna məcbur etsə, bu təcrübə Avropada vahid kosmik superkorporasiyanın yaradılmasına da tətbiq oluna bilər.
    Paylaş