main-post-cover

    SpaceX dövlət qurumları üçün Starlink-in daha yüksək səviyyədə qorunan versiyası Starshield-i anons edib

    Elm & Texnologiya
    06.12.2022
    Emil Nəcəfov
        SpaceX şirkəti adi istifadəçiləri internet şəbəkəsi ilə Starlink brendi vasitəsilə təmin edir. Lakin dövlət qurumları məlumatların ötürülməsi mövzusunda olan təhlükəsizliyə daha sərt tələblərə sahibdirlər. Məhz bu cür dövlət qurumları üçün SpaceX şirkəti Starshield adlı servisi anons edib. Sözügedən yeni servis Starlink-in texnologiyaları əsasında çalışır. Lakin bununla yanaşı o, əlavə imkanlara sahibdir. Starlink şəbəkəsi məlumatların ötürülməsi zamanı end-to-end şifrələmə sistemindən istifadə etsə də, milli təhlükəsizliyin maraqlarını qorumaq üçün nəzərdə tutulmuş Starshield məlumatların emalı və məxfi məlumatlarn ötürülməsi istiqamətində kriptoqrafik imkanlara sahibdir.
        Bununla yanaşı Starshield sistemi xüsusi peyklərin dəstəyinə də sahibdir. Çox güman ki, söhbət, casus peyklərdən gedir. SpaceX həmçinin qeyd edib ki, o, dövlət səviyyəsində olan müştəriləri üçün sifariş əsasında xüsusi peyk variantlarını hazırlamaq niyyətindədir. Bura həmçinin faydalı yük özəlliyinə sahib xüsusi peyklər də daxildir. Əlavə olaraq Falcon 9 platforması Starshield sisteminin əsas elementlərindən biri rolunda çıxış edir. Sözügedən raket sistemi artıq uzun müddətdir ki, ABŞ hökumətinin müxtəlif məxfi missiyalarının yerinə yetirilməsində istifadə edilir. Pentaqonun SpaceX xidmətlərindən aktiv şəkildə istifadə etdiyini nəzərə almaqla SpaceX şirkəti ABŞ hökumətinin Starshield servisinə böyük maraq göstərəcəyinə ümid bəsləyir.
        Bununla yanaşı heç istisna deyil ki, digər dövlətlər də sözügedən sistemdən istifadə edə biləcəklər. Bununla belə müvafiq texnologiyalar ITAR (International Traffic in Arms Regulations) qaydaları üzrə nizamlanır. ABŞ hökuməti tərəfindən tərtib edilmiş bu qaydalar sistemi müdafiə texnologiyalarının eksportunu məhdudlaşdırır. Başqa sözlə desək, SpaceX özəl şirkət olsa da, çətin ki, o, xüsusi servisləri digər ölkələrə təqdim edə bilsin. Hər halda şirkət bu cür servisləri dəqiq şəkildə Rusiya və Çinə təqdim edə bilməyəcək. Starshield sisteminin tam funksionallığı üçün Starlink v2 adlı yeni nəsil peyklərin istifadə edilib-edilməyəcəyi bilinmir. 
    Linki kopyala