Logo
    main-post-cover

    SpaceX GPS-in Starlink əsaslı alternativini təklif edib

    Elm & Texnologiya
    15.05.2025
    Emil
         SpaceX şirkəti ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) müraciət edərək, Starlink peyklərindən ənənəvi GPS sisteminə alternativ kimi istifadə edilməsini təklif edib. Bu barədə 2025-ci il 8 may tarixində tənzimləyici orqana göndərilmiş məktubda məlumat verilib. Məktub, pozisiya təyini, naviqasiya və vaxtın sinxronizasiyası (PNT) sistemləri üçün perspektivli həllərin müzakirəsi çərçivəsində təqdim olunub. SpaceX-in məlumatına görə, şirkət artıq PNT texnologiyasını Starlink xidmətinə inteqrasiya üzərində işləyir. Bu xidmət aşağı Yer orbitində yerləşən peyk qruplaşması vasitəsilə genişzolaqlı internet və mobil rabitə təqdim edir.
         Mobil şəbəkə dəstəyinə malik Starlink xidmətinin işə salınması 2025-ci ilin iyul ayında, mobil operator T-Mobile ilə birgə planlaşdırılır. SpaceX şirkəti FCC-yə ünvanladığı məktubda vurğulayıb ki, Starlink peykləri GPS sisteminin imkanlarını effektiv şəkildə tamamlaya bilər. Qeyd olunub ki, GPS tarixi olaraq yalnız bir operator tərəfindən idarə olunur. Söhbət, ABŞ Müdafiə Nazirliyindən gedir. SpaceX bu alternativi belə xarakterizə edib: “Yeni nəsil peyk qruplaşmalarının sürətlə yerləşdirilməsinə, az gecikməli məlumat ötürülməsinə və universal mobil rabitənin təmin olunmasına imkan verən, eyni zamanda mövqe təyini və naviqasiya xidmətlərini təqdim edən son dərəcə cəlbedici imkan”.
         Məktubda Starlink vasitəsilə PNT texnologiyasına açıq çıxışın texniki təfərrüatları açıqlanmayıb, lakin şirkət bildirib ki, yalnız ABŞ üçün deyil, xidmətinin aktiv olduğu 130-dan çox ölkə üçün də daha davamlı və təhlükəsiz mövqe və naviqasiya infrastrukturunun yaradılmasında aparıcı rol oynamağa hazırdır. Alternativ PNT həllərinin hazırlanması, tək mənbəli GPS sisteminin artan həssaslığı və bu sahədə ABŞ-ın texnoloji liderliyinin qorunması zərurəti fonunda xüsusilə aktual hesab olunur.
    Mənbə: PCWorld
    Paylaş