main-post-cover

    SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (VİDEO)

    Elm & Texnologiya
    16.09.2021
    Emil Nəcəfov
        Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX şirkəti isə ilk dəfə olaraq xüsusi təlim keçmiş astronavtların iştirakı olmadan 4 nəfər şəxsi Yer kürəsinin orbitinə göndərib. Uçuş prosesinə uzaqdan idarə vasitəsilə nəzarət ediləcək. Inspiration4 adını əldə etmiş bu uçuş missiyasının heyətinə 4 nəfər daxil olub. Onlardan birimilyarder Jared Isaacman-dır. Sözügedən şəxs Shift4 Payments şirkətinin yaradıcısıdır. O həmçinin sözügedən missiyanın heyətinə daxil olan digər 3 şəxsin uçuş ödənişlərini reallaşdırıb. Heyətin digər üzvlərinə həkim assistantı Hayley Arceneaux, ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı Chris Sembroski və geoloq Sian Proctor daxildirlər.
        2 pilləli Falcon 9 raketi öz növbəsində bu şəxslərin yerləşdikləri Crew Dragon Resilience adlı kosmik gəmini uğurla təyinat nöqtəsinə çatdıra bilib. Maraqlısı ondadır ki, kosmik gəminin sərnişin kapsulu təkrar istifadə edilir. Belə ki, 1 il bundan öncə 4 nəfər astronavt həmin kapsul vasitəsilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yola düşmüşdülər. Lakin Inspiration4 missiyasına BKS ilə birləşmək daxil deyil. SpaceX-in kosmik turistləri 3 gün ərzində 575 km yüksəklikdə qalacaqlar. Qeyd etmək lazımdır ki, bu, bir neçə müddət bundan öncə Richard Branson ilə Jeff Bezos-un əldə etdikləri yüksəklik göstəricilərindən qat-qat çoxdur.
        Belə ki, Richard Branson 90 km yüksəkliyə, Jeff Bezos isə 107 km yüksəkliyə qalxa bilmişdi. Crew Dragon-un atmosferə nə zaman daxil olacağı isə Florida sahillərindəki hava şərtlərindən asılı olacaq. Bu missiyanın əsas məqsədi St. Jude xəstəxanası üçün ianələrin toplanmasıdır. Sözügedən tədqiqat mərkəzi xərçəngdən əziyyət çəkən uşaqlara pulsuz yardım göstərməklə məşğul olur. Jared Isaacman artıq bu tibb müəssisəsinə 100 milyon dollar ianə yatırıb. Əlavə 15 milyon dollar isə xüsusi konkurs çərçivəsində yığılıb. Həmin konkurs zamanı uçuş missiyasında iştirak edəcək 2 nəfər müəyyən edilib.
    Linki kopyala