Logo
    main-post-cover

    SpaceX-in Starbase bazası rəsmi şəkildə şəhərə çevriləcək

    Elm & Texnologiya
    05.05.2025
    Emil
         Texasın cənubunda yeni bir şəhər - Starbase yaradılacaq. Keçən həftəsonu Boka-Çika bölgəsinin sakinləri, SpaceX şirkətinin Starbase bazasının yerləşdiyi ərazidə yeni bir bələdiyyənin qurulması üçün səs veriblər. Şəhərin yaradılması təşəbbüsü birbaşa Elon Musk-ın şirkəti SpaceX tərəfindən irəli sürülüb. Dairə Seçki Komissiyasının məlumatına görə, Boka-Çikanın yeni şəhərin tərkibinə daxil edilməsinin lehinə 212 nəfər, əleyhinə isə 6 nəfər səs verib. Eyni zamanda, ilk bələdiyyə rəsmiləri də təsdiqlənib - onların hamısı SpaceX-in hazırkı və ya keçmiş əməkdaşlarıdır və rəqibsiz seçiliblər. Starbase-in ilk meri SpaceX-in vitse-prezidenti Bobby Peden olacaq. Qeydiyyatdan keçmiş 283 seçicinin böyük hissəsini SpaceX əməkdaşları təşkil edir. Bir çoxu əvvəlcədən səsvermədən istifadə edib.
         Sahəsi 3.9 km² olan yeni bələdiyyə planlaşdırma, vergitutma və infrastrukturun idarə olunması sahələrində səlahiyyətlər əldə edəcək. Bununla belə, təşəbbüs ətraf ərazilərin sakinləri arasında birmənalı qarşılanmayıb. Tənqidçilər şirkəti ətraf mühitə ziyan vurmaqda və təbii ərazilərə çıxışı məhdudlaşdırmaqda ittiham edirlər. Bu region uzun müddət azsakinli olmuşdu, ta ki, 2012-ci ildə SpaceX burada öz obyektlərini yerləşdirmək üçün torpaq almağa başlamayana qədər. Bu gün ərazidə təxminən 500 nəfər yaşayır, onların arasında şirkət əməkdaşları da var. Bölgədə yaşayış evləri, SpaceX-in qərargahı, Elon Musk-ın iqamətgahı inşa olunub, həmçinin milyarderin büstü və “Memes Street” adlanan bir küçə də salınıb.
         Starbase 5 min nəfərə qədər əhali üçün nəzərdə tutulan C tipli bələdiyyə statusu alacaq. Buna baxmayaraq, şəhər rəhbərliyi yerli vergilər tətbiq etmək, yolları bağlamaq və raket buraxılışları və digər tədbirlər zamanı Boka-Çika çimərliyinə və eyniadlı dövlət parkına girişi məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq. Bu funksiyaları əvvəllər Kameron dairəsinin hakimiyyəti yerinə yetirirdi. Səsvermənin nəticələri dairə rəhbərliyi ilə yeni şəhər arasında maraqlar toqquşmasına səbəb ola bilər. Kameron dairəsinin hakimi Eddie Trevino, Starbase rəhbərliyinə çimərliklərə nəzarət hüququ verəcək qanun layihəsinin qəbuluna qarşı çıxır. Bu arada, SpaceX raket uçuşu missiyalarının sayını ildə 5-dən 25-ə qədər artırmağı planlaşdırır ki, bu da sahilyanı ərazilərə girişin daha tez-tez məhdudlaşdırılması demək ola bilər.
    Mənbə: BBC
    Paylaş