main-post-cover

    SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla yekunlaşdırıb

    Elm & Texnologiya
    25.11.2020
    Emil Nəcəfov
        SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət eyni Falcon 9 raketinin birinci pilləsini 7-ci dəfə kosmosa göndərəndən sonra uğurla Yer kürəsinin səthinə qaytarıb. Bu barədə Hightech.plus saytı xəbər verib. Dünən Falcon 9 raketi uğurla start götürərək 60 ədəd Starlink peykini startdan 15 dəqiqə sonra Yer kürəsinin orbitinə yerləşdirib. 8 dəqiqədən sonra isə raketin birinci pilləsi Atlantik okeanındakı platformanın üzərinə uğurla eniş edib.
        Beləliklə ümumilikdə Falcon 9-un birinci pilləsi 7-ci kosmik missiyanı yerinə yetirib. Qeyd etmək lazımdır ki, Falcon 9-un bu pilləsi ilk dəfə 2018-ci ilin sentyabr ayında kosmosa göndərilmişdi. 2019-cu ilin yanvar ayında isə onun iştirakı ilə daha bir uçuş missiyası reallaşdırılmışdı. Növbəti mərhələlərdə Falcon 9-un birinci pilləsi Starlink layihəsi çərçivəsində 4 dəfə kosmik uçuş missiyasında iştirak edib. Sonuncu dəfə o bu ilin avqust ayında Yer kürəsinin orbitinə uçmuşdu.
        Bundan əlavə olaraq dünən baş tutmuş uçuş missiyası bütün Falcon 9 raketlər seriyasında yubiley 100-cü uçuş missiyası oldu. Ümumilikdə SpaceX şirkəti Yer kürəsinin orbitində 955 ədəd Starlink peyki yerləşdirib. Onlardan 60-ı müxtəlif səbəblərdən sıradan çıxıb. Ümumilikdə isə şirkət Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peykini yerləşdirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkət ABŞ-da öz internetinin beta testinə artıq start verib. 
    Linki kopyala