main-post-cover

    SpaceX şirkəti yeni Falcon 9 uçuşunda 3 rekorda imza atdı (VİDEO)

    04.12.2018
    Emil Nəcəfov
        Elon Musk-ın SpaceX şirkəti daha öncə kosmosa göndərilmiş eyni raketin üçüncü uçuşunu reallaşdırdı. Bu, tarix boyu olmuş ilk belə bir hadisədir. Bundan əlavə olaraq SpaceX dünyadakı bütün özəl aerokosmik şirkətləri arasında 1 il ərzində rellaşdırılmış missiyaların sayına görə lider şirkət oldu. Beləliklə SpaceX şirkəti SSO-A missiyası çərçivəsində 3 rekorda imza atdı. Falcon 9 raketi 3 dekabr tarixində Kaliforniya ştatındakı Vandenberq adlı hərbi-hava bazasındakı kosmodromdan start edib.
        Şirkət dünyada ilk dəfə daha öncə iki dəfə istifadə edilmiş raketi yenidən kosmosa göndərib. Belə ki, üçüncü dəfə kosmosa göndərilmiş Falcon 9 raketi bu ilin may və avqust aylarında kosmosa göndərilmişdi. Nəticədə kosmik aparat Sakit okeandakı platforma üzərinə uğurlu eniş edib. Məlumata əsasən Falcon 9 həmçinin dördüncü dəfə də kosmosa göndəriləcək. Missiya çərçivəsində Falcon 9-un daxilinə 64 peyk yerləşdirilib. Bu, ABŞ üçün rekord göstəricidir.

        Əvvəlcə 71 peykin göndəriləcəyi planlaşdırılırdı. Lakin şirkət bildirib ki, göndərilən aparatların sayı müxtəlif səbəblərdən asılı olaraq dəyişə bilər. Bəzən sifarişçilər sadəcə olaraq lazımi sayda aparatları vaxtında istehsal edə bilmirlər. Bəzən isə onlar sadəcə olaraq bunun üçün lazımi lisenziyanı əldə edə bilmirlər. Nəticədə SSO-A missiyası çərçivəsində kosmosa 15 ədəd mikropeyk və 49 ədəd maksimal kiçik aparat göndərilib. SpaceX kosmosa irimiqyaslı yüklərin daşınması üçün artıq 17 ölkədən olan 34 özəl və dövlət təşkilatı ilə müqavilə bağlayıb.
        Şirkətin müştəriləri siyahısına həmçinin Qazaxstan da daxil olub. Qazaxstan hökuməti etiraf edib ki, Rusiya Federasiyasının Roskosmos aerokosmik agentliyindən fərqli olaraq SpaceX-in xidmətləri daha ucuz başa gəlir. Belə ki, iki peykin kosmosa göndərilməsi üçün Qazaxstan SpaceX şirkətinə təqribən 1.3 milyon dollar vəsait ödəyib. Ümumilikdə bu il SpaceX 19 missiya rellaşdırıb. Bu, dünyada olan istənilən özəl aerokosmik şirkətin göstəricisindən çoxdur.
        Bundan əlavə olaraq Elon Musk-ın şirkəti öz rekordunu da təzələyib. Belə ki, 2017-ci ildə SpaceX 18 missiya reallaşdırmışdı. ABŞ-ın United Launch AllianceArianespace kimi şirkətləri də bu baxımdan geridə qalıblar. Keçən il SpaceX uğurlu keçirilmiş missiyaların sayı baxımından nəinki rəqib şirkətləri həmdə bir sıra dövlət şirkətlərini də geridə qoymuşdu. Bu il isə liderliyi Çin əldə edib. Məlumata əsasən Çin 1 il ərzində 33 missiya, ABŞ 26 missiya, Rusiya Federasiyası isə 15 missiya reallaşdırıb. Bundan əlavə olaraq SpaceX hələ bu ilki iş planını yerinə yetirməyib. Bu ay üçün hələ 3 uçuş missiyası da planlaşdırılır.
    Linki kopyala