
Starship-in doqquzuncu sınaq uçuşu kosmik gəminin və raketin itirilməsi ilə nəticələnib (VİDEO)
Elm & Texnologiya
29.05.2025
Emil
Mayın 27-də SpaceX-in Cənubi Texasdakı Starbase platformasından nəhəng Starship kosmik gəmisi doqquzuncu sınaq uçuşuna buraxıldı. SpaceX mühəndisləri həm Super Heavy sürətləndiricisi, həm də Starship gəmisi ilə əlaqəni, tapşırıqlar tam yerinə yetirilməmişdən əvvəl itiriblər. Doqquzuncu sınaq uçuşu zamanı raketin iki pilləsi planlaşdırıldığı kimi bir-birindən ayrılıb və kosmosun yuxarı mərhələsinə çıxmağı bacarıb. Bu, son iki sınaqla müqayisədə daha yaxşı nəticə göstərib. Lakin nəticədə SpaceX hər iki pilləni itirib. "Starship mühərriklərin planlaşdırılmış sönmə nöqtəsinə qədər çatdı. Bu, əvvəlki uçuşla müqayisədə böyük irəliləyişdir. Passiv uçuş və atmosferə giriş mərhələsində sızmalar təzyiq itkisinə səbəb oldu. İndi təhlil üçün çoxlu faydalı məlumatımız var" - deyə SpaceX-in CEO-su Elon Musk öz X sosial şəbəkəsində yazıb.
O, əlavə edib ki, qarşıdakı üç sınaq buraxılışı hər 3-4 həftədən bir həyata keçiriləcək. Doqquzuncu sınaq uçuşu ilə yadda qalan əsas məqam ondan ibarət olub ki, Super Heavy sürətləndiricisi ilk dəfə olaraq təkrar istifadə edilib. Həmin bu sürətləndirici yanvar ayında Starship-i yeddinci missiyaya göndərmişdi. SpaceX bu dəfə cəmi 4 Raptor mühərrikini dəyişib, yerdə qalan 29 mühərrik isə artıq sınaqdan keçmiş olub. “İlk modernizasiya zamanı və sonrakı uçuşda sürətləndiricinin fəaliyyəti ilə bağlı əldə etdiyimiz dərslər gələcəkdə təkrar buraxılışların daha sürətli həyata keçirilməsinə kömək edəcək. İrəliləyiş cihazların buraxılışlar arasında fiziki texniki xidmətə ehtiyac duymadığı bir mərhələyə doğru gedir” - deyə şirkət izah edib.

Doqquzuncu uçuş zamanı Super Heavy Yerə dönüş yolunda bir sıra təcrübi manevrlər həyata keçirib. Xüsusilə, sürətləndirici blok fırlanma zamanı təsadüfi deyil, idarə olunan çevrilmə icra edib və atmosferə fərqli bucaq altında daxil olub. “Atmosfer müqavimətinin artdığı şəraitdə aparatda hücum bucağının daha böyük olması enmə sürətini azalda bilər. Bu isə öz növbəsində ilkin enmə impulsu üçün daha az yanacaq tələb edir. Sürətləndiricinin bu cür böyük hücum bucağında uçuşunu necə idarə edə bildiyi barədə məlumatların toplanması gələcək aparatların, o cümlədən növbəti nəsil Super Heavy-lərin səmərəliliyinin artırılmasına töhfə verəcək” - deyə SpaceX bildirib. Bu təcrübi manevrlər səbəbindən Super Heavy üçün uçuş planı əvvəlki missiyalarla müqayisədə daha mürəkkəb olub və sürətləndirici bloku yenidən xüsusi konstruksiyanın qolları ilə tutmaq cəhdi son dərəcə riskli ola bilərdi.

Buna görə də SpaceX qərara gəlib ki, Starbase kosmodromundakı buraxılış qülləsini riskə atmamaq üçün təhlükəni ondan uzaqlaşdırsın və Meksika körfəzində sərt eniş həyata keçirsin. Lakin bu mərhələyə çatmaq da mümkün olmayıb. Enmə impulsu başladıqdan təxminən 6 dəqiqə 20 saniyə sonra Super Heavy dağılıb. Kosmik gəmi isə əksinə, bu dəfə əvvəlki iki uçuşla müqayisədə bir qədər daha yaxşı nəticə göstərib. O, Atlantik okeanı üzərində şərq istiqamətində suborbital trayektoriya üzrə hərəkət edərək kosmosa çıxıb. Lakin bundan sonra problemlər başlayıb. Təxminən 18.5 dəqiqə sonra Starship səkkiz ədəd Starlink peyk maketini buraxmalı idi ki, bu da nəhəng gəmi proqramı üçün simvolik bir hadisə ola bilərdi. Ancaq bu, baş verməyib.

Faydalı yük bölməsinin qapağı tam açıla bilməyib və SpaceX bu təcrübədən imtina edib. Buraxılışdan 30 dəqiqə sonra isə Starship yanacaq çənlərindəki sızma səbəbindən fırlanmağa başlayıb. Nəticədə, şirkət gəmidəki Raptor mühərriklərindən birinin yenidən işə salınması planından imtina edib, Hind okeanında yumşaq eniş ümidini itirib və gəminin atmosferə daxil olarkən dağıldığını qəbul edib. Beləliklə, doqquzuncu sınaq uçuşunda SpaceX-in ümid etdiyi bütün vacib məlumatları toplamaq mümkün olmayıb, halbuki gözlənilən məlumatlar kifayət qədər çox idi. Məsələn, şirkət Starship-dən bəzi istilikdən qoruyucu plitələri çıxararaq zəif nöqtələrə stress-test tətbiq etməyi planlaşdırmışdı. Həmçinin müxtəlif plitə materialları sınaqdan keçirilmişdi, o cümlədən aktiv soyutma sistemi ilə təchiz olunmuş bir variant da yoxlanılıb.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
