main-post-cover

    Süni zəka texnologiyasına sahib LG V30S smartfonu təqdim olundu

    26.02.2018
    Farid Pardashunas
    “LG” şirkəti hal-hazırda Barselonada keçirilən MWC 2018 konqressində süni zəka texnologiyasına sahib LG V30S smartfonunu təqdim etdi.
        Yeni təqdim olunmuş model texniki göstəricilərinə görə adi V30 modelindən heç də fərqlənmir. Yəni o, 18:9 nisbətində 2880x1440 piksel keyfiyyətli 6 düyümlük QuadHD + OLED FullVision ekranla, 6 GB RAM, 128/256 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəkli), Snapdragon 835 prosessoru, biri f/1.6 diafraqmalı 16 MP, digəri isə f/1.9 diafraqmalı 13 MP olmaqla ikili arxa kamera, f/2.2 diafraqmalı 5 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Smartfonun əsas özəlliyi onun ThinQ adlı süni zəka texnologiyasına sahib olmasıdır. Süni zəka texnologiyasının əsas funksiyaları smartfonun kamerası ilə bağlıdır. Vision AI texnologiyası sayəsində smartfon obyektləri təyin edərək, mənzərə, portret, yemək, gül və s. kimi kadrların fotolarını çəkmək üçün optimal rejimi seçir. Məsələn boşqabdakı yemək fotosunu çəkmək istəyən zaman smartfon avtomatik olaraq yemək rejiminə keçid edir. ThinQ-nun digər bir funksiyası isə alış-veriş üçün faydalıdır. Belə ki, smartfonun kamerasını müəyyən məhsula çevirdikdə, kamera onu təyin edir və yaxınlıqda olan digər mağazalarda həmin seçilmiş məhsulun sərfəli təkliflərini və ya onun analoqunu göstərir.

        Həmçinin bu tətbiq seçilmiş məhsulun digər fotolarını Pinterest servisindən tapa bilir. Həmdə kamera tətbiqi QR kodları skan edə bilir. Yaxşı işıqlandırılmamış mühitdə foto çəkimi üçün xüsusi rejim var. Həmin rejim bu cür mühitdə parlaqlığı 2 dəfə artırır. Bununla yanaşı bu halda fotonun keyfiyyəti 4 MP-ə qədər düşür. Bütün bu funksiyalardan əlavə olaraq LG V30S Google Assistant əmrlərini də özündə birləşdirir və Android 7.1.2 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Təqdim olunmuş yeni smartfonun çıxış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib.
    Linki kopyala