Tarixdə ilk dəfə insanın qida zəncirində çoxlu miqdarda şüşə lifi aşkar edilib
Elm & Texnologiya
16.07.2024
Emil Nəcəfov
Tədqiqatçılar tarixdə ilk dəfə insanın qida zəncirində çoxlu miqdarda şüşə lifi aşkar ediblər. Məlumata əsasən çoxlu miqdarda şüşə lifi Böyük Britaniyanın cənub sahillərindəki stridiyalar ilə midyələrin tərkiblərində aşkar edilib. Mütəxəssislər bildiriblər ki, çox güman ki, yaxın gələcəkdə bu problem qlobal miqyas alacaq və bir çox ölkələrdə müşahidə ediləcək. Brayton və Portsmut Universitetlərinin mütəxəssisləri İngiltərənin cənubunda yerləşən Çiçester adlı körfəzdə fəaliyyətdə olan verfdən (gəmilərin tikintisi və ya təmiri üçün olan müəssisə) stridiya və midyələri yığıblar.
Yığılmış stridiya və midyələrin analizi nəticəsində alimlər onların qida üçün nəzərdə tutulmuş yumşaq toxumalarında çoxlu miqdarda şüşə lifi aşkar ediblər. Bu süni material həmçinin plastik şüşə kimi də tanınır. Aparılmış araşdırmaya əsasən 1 kq stridiya özündə 11 220 ədəd şüşə lifi hissəciyi, 1 kq midyə isə özündə 2 740 ədəd şüşə lifi hissəciyi birləşdirir. Mütəxəssislər tərəfindən aparılmış bu araşdırma dəniz ekosisteminin şüşə lifi ilə çirklənməsi halını göstərir. Bu araşdırma həmçinin ətraf mühitdə nə qədər gizli təhlükənin olduğunu ortaya qoyur. Şüşə lifi gücləndirilmiş plastik materialdır və o, çox nazik şüşə liflərindən təşkil edilib. Bu material dözümlü və yüngül olması ilə seçilir. O, 1960-cı illərdən başlayaraq qayıqların istehsalında istifadə edilir.
Mütəxəssislər tərəfindən aparılmış yeni araşdırmaya əsasən qayıqların zədələndikləri və ya təmir olunduqları zaman bu material ətraf mühitə kiçik ölçülü şüşə hissəciklərini ifraz edir. Məlumatda qeyd edilib ki, ətraf mühitin şüşə lifi hissəcikləri ilə çirklənməsinin pik vaxtı məhz qış fəslinə təsadüf edir. Belə ki, yelkən idman növünün həvəskarları məhz qış fəslində daha aktiv olurlar. Kiçik ölçülü şüşə lifi hissəcikləri suya daxil olandan sonra onlar stridiya və midyələr də daxil olmaqla müxtəlif molyusklar tərəfindən udulur. Mütəxəssislər hələ tam əmin olmasalar da güman edirlər ki, şüşə lifi hissəcikləri molyuskların səhhətlərinə təsir göstərir və hətta onların ölümlərinə də səbəb ola bilərlər. Növbəti araşdırmalarda mütəxəssislər bu kiçik hissəciklərin molyuskların və insanların orqanizmlərinə necə təsir göstərdiklərini araşdıracaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
Səudiyyə Ərəbistanında dünyanın ən böyük binasının tikintisinə başlanılıb!