main-post-cover

    'Technote' - Mobil Dünya Konqressinə yola düşür, hansı smartfonlar təqdim olunacaq?

    24.02.2018
    Farid Pardashunas
        Bütün Dünyada 200-dən çox ölkədən 108.000 nümayəndə və 2300 şirkətin təmsil olunduğu və hər il mütəmadi olaraq Barcelonada təşkil olunan Mobil Dünya Konqressində bu il rəsmi olaraq 2000 media qurumu texnologiya dünyasının informasiya təminatını həyata keçirəcək. Azərbaycandan isə bu iş "technote.az" platformasının üzərinə düşüb.
        Qafqazın böyük texnologiya portallarından biri olaraq adı çəkilən tədbirdə Azərbaycan mediası olaraq iştirak edəcəyik və tədbirin rəsmi media dəstəkçilərindən biri olduğumuzu qürurla sizə bildirmək istəyirik.
        26 Fevral tarixindən start götürəcək Mobil Dünya Konqressinə texnologiya brendləri olduqca həssas yanaşır. Böyük konqressin Fevralın 26 -sı başlamasına baxmayaraq, 25 Fevral tarixində bizi çox maraqlı hadisələr gözləyir. Belə ki, əsas hadisələr elə 25 Fevral tarixində Barcelonanın İncəsənət Muzeyində baş tutacaq.
         Günün ilk mətbuat konfransı Huawei tərəfindən gözlənilir. Yerli vaxtla günorta saatlarında baş tutacaq konfransda Huawei -dən gözləntilər böyükdür. Amma bir məsələ var ki, Technote -a yaxın olan mənbələrdən gələn sızıntılara görə Huawei eyni zamanda Mart ayı üçün başqa bir press konfrans planlaşdırıb. Bu da onu deməyə imkan verir ki, ola bilsin ki, Huawei flaqman smartfonunu olan P seriyasını Mobil Dünya Konqresində təqdim etməsin.
         Həmin gün üçün növbəti konfrans HMD Global üçün planlaşdırılıb. Sızan məlumatlara görə bu konfransda Nokia rəsmi olaraq yeni model smartfonları təqdim edəcək. Keçən il MWC Nokia üçün möhtəşəm keçmişdi, beləki şirkət son anda Nokia 3310 -un yeni müasir versiyasını təqdim etmişdi. Nokia 8 Sirocco isə bu il gözlənilən modellər sırasındadır. Yadınızdadırsa Sirocco seriyası ilk dəfə 2006 -cı ildə təqdim olunmuşdu. Deyəsən, HMD Global daha bir əfasanəyə yeni nəfəs vermək istəyir. Gözləntimizə görə Nokia -nın bu modeli 5.5 düyüm ölçüsündə OLED ekrana sahib olacaq. İki arxa kamera və barmaq izi skanı da modeldə yer almalıdır. Böyük ehtimalla Nokia bu modeldə qulaqlıq girişinə yer verməyəcək. Bundan başqa aşağı büdcəli Nokia 1 smartfonu da gözləntilər arasındadır. Əlavə olaraq Nokia daha bir smartfon Nokia 7 Plus -u təqdim etməyi nəzərdə tutub. Bu keçən il təqdim olunan Nokia 7 -nin yenilənmiş versiyası olacaq.
    HTC bu konfransda daha çox VR ağırlıqlı məhsul təqdim edəcək. İlkin danışıqlar və açıqlama bunu deməyimizə imkan verir. LG -nin isə İyun ayı üçün planlanmış bir konfransı var. Bu isə əsas verir ki, bu konfransda LG -dən hansısa bir üst yenilənmiş model gözləyək. Ola bilsin ki, LG öz flaqmanını bu konfransda göstərməsin. G6 modelində istədiyini ala bilməyən LG, bu konfransda G7 -ni tanıtmayacaq. Sadəcə, LG bu konfrans üçün V30 -un yenilənmiş versiyasını planlayıb. Model böyük ehtimalla V30S adlandırılacaq. Amma hər ehtimala qarşı LG -dən hər hansı sürpriz də gözləməyə dəyər. Sadəcə onu deyə bilərik ki, V30 modeli kamera performansına görə çox uğurlu bir model hesab olunurdu. 
        Samsung üçün hər şey məlumdur. 25 Fevral tarixində Samsung flaqman seriyası olan S seriyasının növbəti üzvününün təqdimatını edəcək. Yerli vaxtla 25 Fevral saat 6 -da baş tutacaq mətbuat konfransında Samsung S9 təqdim olunacaq. Şirkətin media üçün açıqlamasında istifadə etdiyi video görüntüləri əsas götürsək, Samsung bu modeldə möhtəşəm bir kamera təcrübəsini bizə yaşatmalıdır. Cihaz böyük ehtimalla S8 -ə bənzəyəcək və Samsung ənənəvi olaraq S9 və S9 Plus modellərini təqdim edəcək.
        
        Gözləntilərə görə S9 5.8 düyüm, S9 Plus isə 6.2 düyümlük ekrana sahib olacaq. Uyğun olaraq cihazlarda 3000 mAh və 3600 mAh -lıq batareyalar quraşdırılacaq. Snapdragon 845 əjdaha seti isə mütləq ki, Samsung cihazlarında yer alacaq. Təbii ki, nəzərdə tutulmuş regionlar üçün. Əlava olaraq bir maraqlı sızıntı da var ki, Samsung Apple -a rəqib olaraq, yeni 3D emosiyaları təqdim etməyi planlayıb. Təbii ki, bu ilkin təxminlər və gözləntilərimizdir. CES -də Samsungdan gözləsək də bu il hələ ki, DeX Pad -i görmədik. Evan Blass -ın Twitter sızdırmasına görə sözügedən cihaz bu konfrans üçün artıq hazırdır. DeX Pad cihazı telefonu sözün əsl mənasında PC -ə çevirir və əlavə girişlər üçün nəzərdə tutulub. Çox detallı məlumat olmasa da ümid edirik ki, konfrans sonrası cihazın nəyə qadir olduğu tam aydın olacaq.
        Təbii ki, Yapon brendi olan Sony də rəqiblərdən geri qalmaq fikrində deyil. 25 Fevral üçün planlanan mətbuat konfransında Sony iki yeni model smartfonu təqdim etməyi planlayıb. İndiyə qədər sızıntılardan qaçmağı bacarsa da artıq son anda bəzi məlumatları əldə edə bildik. Söhbət Xperia XZ2Xperia XZ2 Compact modellərindən gedir. Cihazlar uyğun olaraq 5.8 və 5 düyümlük ekranlara sahib ola bilər. Bu cihazlardan XZ2 Snapdragon 845 -ə sahib ola bilər. Eyni zamanda cihazlarda ikili arxa kameraya yer veriləcək. 
        Digər brendlərin də təbii ki, bu konqress üçün xüsusi planları var. Elə BlackBerry -nin də geri dönməsi buna deməyə əsas verir. BlackBerry bu konfrans üçün iki yeni smartfonunun təqdimatını planlaşdırıb.
        Barcelonada olduğumuz müddət ərzində Technote olaraq ən son yenilikləri sizə çatdıracağımıza söz verə bilərik. Hətta ilkin video görüntüləri və sınaqları sizinlə paylaşacağıq. Qeyd etmək yerinə düşər ki, konfransdan yayımlayacağımız məlumatların yayım dəstəkçisi Kontakt Home mağazalar şəbəkəsidir. Siz bu konfransda təqdim olunan və ən son yenilənmiş cihazları Azərbaycanda Kontakt Home mağazalar şəbəkəsindən əldə edə biləcəksiniz. Yeniləkləri və cihazların Azərbaycan qiymətlərini dərhal bilmək üçün mütəmadi olaraq bu saytı izləməyinizi məsləhət görürük.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər