
Tesla bu il üçün Optimus robotunun kütləvi istehsal planını təxirə salıb
Elm & Texnologiya
09.10.2025
Emil
Tesla şirkəti konstruktorluq çətinliklərinə görə humanoid (insanabənzər) Optimus robotlarının kütləvi istehsalını müvəqqəti olaraq dayandırıb. Layihənin gedişatı ilə tanış olan mənbələr təsdiqləyiblər ki, mühəndislər hələ də insanın bacarıqlarına bərabər çeviklik və funksionallığa malik bilək və ön qol mexanizmləri yarada bilmirlər. İlk konstruktor problemləri ötən ilin yayında aşkarlanmışdı və bu, ilkin istehsal hədəfinin əhəmiyyətli dərəcədə azaldılmasına - 2025-ci ilin sonuna qədər planlaşdırılan 5000 ədəd əvəzinə 2000 ədəd səviyyəsinə endirilməsinə səbəb olmuşdu.
Həmin vaxt mühəndislər ilkin planın reallığa uyğunluğu barədə şübhələrini ifadə etmiş, Elon Musk isə daha əvvəl bildirmişdi ki, insan əlinin hərəkət çevikliyinə malik biləklərin yaradılması layihənin ən çətin hissəsidir. Məlumata görə, hazırda mühəndislərin bu qismən yığılmış robotların montajını nə vaxt tamamlaya biləcəyi və onların göndərişə hazır olacağı barədə dəqiq məlumat yoxdur. Elon Musk podkast çıxışında texniki problemlərin mövcudluğunu təsdiqləyib, lakin istehsalın bərpası üçün konkret tarix göstərməyib. Buna baxmayaraq, o, mövcud çətinliklərə rəğmən optimistliyini qoruyur.
Bir neçə gün əvvəl X sosial şəbəkəsində Musk robot Optimus-un kung-fu hərəkətlərini öyrəndiyi videonu paylaşıb, Tesla Optimus-un rəsmi hesabı isə robotun bu hərəkətləri Disney-in “Tron: Ares” filminin premyerasında aktyor Jared Leto ilə birlikdə məşq etdiyini nümayiş etdirib. Xatırladaq ki, Optimus ilk dəfə 2021-ci ilin avqust ayında təhlükəli, monoton və ya rutin tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş universal ikiayaqlı insanabənzər robot kimi təqdim olunmuşdu. Lakin bu ilin əvvəlində layihənin sabiq rəhbəri Chris Walti Musk-la açıq şəkildə razılaşmayaraq bildirib ki, bu cür robotlar anbar, logistika və istehsalat müəssisələri üçün uyğun deyil
Paylaş