Logo
    main-post-cover

    Tesla Optimus kung-fu döyüş sənətini öyrənib (VİDEO)

         Tesla-nın baş direktoru Elon Musk Tesla Optimus kung-fu öyrənir” başlıqlı qısa bir video paylaşıb. Videoda humanoid (insanabənzər) robot Optimus bir insanla kung-fu sparrinqlərində iştirak edir. Robotun hərəkət sürəti və axıcılığı kifayət qədər yüksək səviyyədədir ki, bu da onun inkişafında əhəmiyyətli bir irəliləyiş deməkdir. Videoda Optimus insanın hərəkətlərini təqlid edir və onlara reaksiya verir, ardıcıl və idarə olunmuş şəkildə bloklar və zərbələr endirir. Bu ardıcıllıq bir növ rəqsə bənzəyir. Bu, tam döyüş olmasa da, robotun koordinasiyalı və dinamik hərəkətləri yerinə yetirməsi onun balans, hərəkətə gətirmə və real vaxt idarəetmə sistemlərindəki inkişafı əks etdirir. Bundan əvvəl yayımlanmış videolarda Optimus videodan öyrəndiyi tapşırıqları yerinə yetirirdi, həmçinin rəqs hərəkətləri də nümayiş etdirmişdi. Bu onun fiziki imkanlarının inkişafında sürətli irəliləyişin göstəricisidir.
         Tesla-nın süni intellekt üçün proqram təminatı üzrə vitse-prezidenti Ashok Elluswamy bunun yalnız başlanğıc olduğunu bildirir. O, sosial şəbəkə X-də belə yazıb: “Süni intellekt modelləri avtonom idarəetmə və Optimus üçün birləşəndə, bu, əsl partlayış olacaq”. Elluswamy-nin açıqlamasına əsasən - o, iyun ayından etibarən Optimus-un inkişaf proqramına rəhbərlik edir və eyni zamanda Tesla avtopilotunun əsas proqram təminatı mühəndislərindən biridir - şirkətin uzunmüddətli strategiyası həm elektromobillər, həm də robotlar üçün “beyin” rolunu oynaya biləcək vahid və inteqrasiya olunmuş süni intellekt platforması yaratmaqdan ibarətdir. Bu konsepsiya Tesla üçün yeni olmasa da, Elluswamy-nin vurğuladığı məqam inteqrasiyanın Optimus-un inkişafında əsas prioritet olduğunu göstərir.
         Fikir ondan ibarətdir ki, pilotsuz avtomobil və humanoid robot üçün əsas vəzifə eynidir - insanın mürəkkəb və strukturlaşdırılmamış yaşayış mühitini qavramaq, anlamaq və orada istiqamətlənmək. Elluswamy uzun müddətdir vizual qavrayışa əsaslanan yanaşmanın tərəfdarıdır. O bildirir ki, kameralar vasitəsilə yol nişanlarını, piyadaları və nəqliyyat axınını şərh etməyi öyrənən neyron şəbəkələri obyektlər, alətlər və insanlarla zavod və ya ev şəraitində qarşılıqlı əlaqə üçün də uyğunlaşdırmaq mümkündür. Tesla, geniş məlumat bazalarından və FSD (Full-Self Driving) yardım sistemləri kompleksinin tətbiqi təcrübəsindən istifadə edərək Optimus-un inkişafında daha sürətli irəliləyiş əldə etməyə çalışır.
    Paylaş