
Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq
Elm & Texnologiya
09.07.2025
Emil
TrendForce mütəxəssisləri daha əvvəl yayımlanmış məlumatı təsdiqləyiblər: Tesla-nın insanabənzər Optimus robotlarının kütləvi istehsalına hazırlıqda problemlərlə üzləşdiyi doğrudur. Mənbənin fikrincə, layihənin ümumi icra müddətini riskə atmamaq üçün Tesla həm robotların texniki quruluşu, həm də onların praktik tətbiq sahələri baxımından müəyyən güzəştlərə getməli olacaq. TrendForce-un xatırlatdığına görə, hazırda Tesla Optimus robotlarında enerji batareyaları ilə bağlı problemlərlə, proqram və aparat təminatının inteqrasiyası ilə, eləcə də bəzi icraedici mexanizmlərin funksionallığı ilə üzləşir. Proqram təminatı sahəsində isə Tesla-nın sistemlərinin öyrədilməsi əvvəl planlaşdırıldığından daha çox vaxt tələb edə bilər.

Çünki insanın incə motorikasını imitasiya etmək universal tətbiq iddiası olan robotlar üçün kifayət qədər çətin və mürəkkəb bir vəzifədir. Bir müddət əvvəl qeyd edildiyi kimi, Tesla Optimus robotları üçün bilək manipulyatorlarının istehsalında yeni təchizatçılara ehtiyac duya bilər. TrendForce-un qiymətləndirməsinə görə, bu komponentin maya dəyəri belə bölüşdürülür: 35% mühərriklərə, 37% birləşdirici və bərkidici elementlərə, 13% dişli ötürücülərə, 11% sensorlara, qalan 4% isə robotun bilək hissəsinin digər konstruktiv elementləri arasında paylanır. Ümumilikdə, Optimus robotunun bilək hissəsinin hazırlanması üçün təxminən 20-yə yaxın təchizatçının komponentləri tələb olunur.

TrendForce-un fikrincə, yaranmış problemləri məqbul müddətdə həll etmək üçün Tesla ya Optimus robotlarının konstruksiyasını sadələşdirərək, məsələn, biləklərdəki azadlıq dərəcələrinin sayını azaltmalı, ya da robotların tətbiq sahəsini ümumilikdə məhdudlaşdırmalı ola bilər - məsələn, onları istehsalatdan çıxarıb yalnız məişət işlərində istifadə etmək kimi. Robototexnika sahəsinin ümumi inkişafı baxımından Optimus-un istehsalına başlanmasının gecikməsi faciəvi hal sayılmır. Əksinə, bu gecikmə daha kiçik şirkətlərə özlərini bu sahədə göstərmək və bazarda pay qazanmaq imkanı verə bilər. Digər tərəfdən, bazarın qalan iştirakçıları da Tesla ilə eyni texniki problemlərlə üzləşəcək və onların hamısının bu çətinlikləri tez və səmərəli şəkildə həll etmək üçün kifayət qədər resursu olmayacaq. Robotun quruluşunu və texniki xüsusiyyətlərini müəyyən edən texniki tapşırıq ilə onun real tətbiq imkanları arasında ciddi bir uyğunsuzluq mövcuddur.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
