
Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)
Elm & Texnologiya
21.05.2025
Emil
Fərqli rəqs hərəkətləri və akrobatik fəndlər insanabənzər robotların çevikliyini nümayiş etdirsə də, bu cür texnikaların əksəriyyəti real praktik fayda vermir və əsasən tamaşaçını təəccübləndirməyə yönəlib. Bu baxımdan Tesla şirkətinin Optimus robotlarını ev işlərinə öyrətmək planı daha praqmatik yanaşma kimi görünür. Şirkətin nümayəndələri sosial şəbəkə X-də “Mən, ümumiyyətlə, gün boyu yalnız rəqs etmirəm” başlığı ilə Optimus robotlarının ev tapşırıqlarında istifadə olunması ilə bağlı sınaqları nümayiş etdiriblər. Robot külqabı, fırça və tozsoranla təmizlik, zibillərin yığılması, səthlərin tozdan silinməsi kimi işlər yerinə yetirib. Bundan əlavə, robot qaz sobası önündə də görüntülənib. Onun bir qazanda inqrediyentləri qarışdırdığı göstərilib.
Bu görüntülərlə Optimus robotunun gələcəkdə tam hüquqlu ev köməkçisi kimi istifadəyə hazırlanması nümayiş etdirilib. Optimus layihəsinin inkişaf komandası rəhbəri Milan Kovac, X-də paylaşdığı məlumatda bildirib ki, onun komandası robotlara müəyyən əməliyyatları öyrətmək üçün açıq şəkildə mövcud olan videolardan istifadə etməyi qarşısına məqsəd qoyub. Əsasən, robotları idarə edən neyron şəbəkələr çoxsaylı videolar əsasında öyrənə bilər, lakin hazırda bu videolar əsasən birinci şəxsin baxış bucağından çəkilmiş süjetlərlə məhdudlaşır. Bu yanaşma, robotların müxtəlif fəaliyyət növlərini mənimsəməsini əvvəlki üsullarla müqayisədə xeyli sürətləndirir.

Belə ki, əvvəllər öyrədilmə prosesi üçün sensor və kameralarla təchiz olunmuş operatorlardan istifadə olunurdu və robotlar onların hərəkətlərini addım-addım təkrar edirdi. Növbəti mərhələdə robotlara təcrübə və səhvlər yolu ilə bacarıqlar qazandıran təkmilləşdirici öyrənmə üsulu tətbiq olunacaq. Bu prosesdə simulyasiya edilmiş modellərdən də istifadə oluna bilər, beləliklə, hazır robotların sayı kifayət qədər olmasa belə, öyrədilmə prosesi sürətləndirilə bilər. Elon Musk hesab edir ki, zamanla insanabənzər robotların istehsalı Tesla üçün elektromobil istehsalından daha önəmli sahəyə çevriləcək. Nəticə etibarilə, gələn ilin sonuna qədər Optimus robotlarından biri, Musk-ın sahibi olduğu SpaceX şirkətinin Starship kosmik gəmisilə Mars planetinə göndərilməlidir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
