
Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Elm & Texnologiya
27.05.2025
Emil
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib. Onun fikrincə, bu cür robotlar hələlik zavodlarda rutin tapşırıqları səmərəli şəkildə yerinə yetirə bilmir. Elon Musk isə Optimus robotlarını Tesla-nın əsas aktivlərindən biri hesab edir və onların şirkətin dəyərini trilyonlarla dollara yüksəldəcəyinə inanır. O bu il artıq minlərlə belə robotun Tesla zavodlarında istifadə olunacağını, 2030-cu ilə qədər isə milyonlarla sayda istehsal ediləcəyini gözləyir. Lakin Walti-nin fikrincə, insanabənzər robotlar yüksək sürətli və monoton istehsalat mühitləri üçün uyğun deyil. Xatırladaq ki, Tesla Optimus robotunu 2021-ci ilin avqustunda təqdim etmişdi.

Bu robot iki ayaqlı universal qurğu kimi nəzərdə tutulmuşdu və insanların əvəzinə təhlükəli və ya monoton işləri yerinə yetirməli idi. O vaxtdan bəri robotun sürəti, dayanıqlığı, çəkisi və balansında təkmilləşdirmələr aparılıb. Buna baxmayaraq, bu robotlar hələlik məhdud imkanlar nümayiş etdirirlər. Məsələn, 2023-cü ilin dekabrında keçirilmiş “We, Robot” təqdimatında Optimus yalnız içki təqdim edir və rəqs edirdi, lakin operatorlar tərəfindən idarə olunurdu. Bu isə onların real imkanlarına dair şübhələr yaratdı. Musk dəfələrlə Tesla-nın məhsulları ilə bağlı nikbin proqnozlar verib, lakin bu proqnozlar, məsələn, Cybertruck-da olduğu kimi, sonradan gecikmələrlə müşayiət olunub. Buna baxmayaraq, o əmindir ki, Optimus bazarda böyük paya sahib olacaq və onun potensialını 25 trilyon dollar olaraq qiymətləndirir.

Musk-ın sözlərinə görə, bu robotlar yığım xətlərində işləyə və insanları əvəz etməklə xərcləri azalda biləcəklər. Lakin Walti Business Insider-ə verdiyi müsahibədə bildirib ki, “Tesla Optimus kimi humanoid robotlar anbarlarda, logistika sahəsində və istehsalatda daha az səmərəlidir”. O vurğulayıb ki, yüksək sürət və təkrarlanma tələb edən sənaye tapşırıqları üçün mürəkkəb hərəkət mexanikasına malik universal androidlardan daha çox ixtisaslaşmış avtomatlaşdırılmış sistemlər uyğundur. Tesla-dan ayrıldıqdan sonra Walti anbarlarda yükdaşıma üçün robotlar hazırlayan Mytra adlı şirkəti qurub.

Onun fikrincə, bu cür sistemlər humanoid robotlardan daha sadə və praktikdir. Bununla belə, digər şirkətlər insanabənzər robotların tətbiqini fəal şəkildə həyata keçirirlər. GXO Logistics şirkəti Agility Robotics ilə əməkdaşlıq edir və onların Digit adlı robotunu anbarlarda sınaqdan keçirir. Amazon bu robotlardan artıq 2023-cü ildən istifadə edir. Apptronik və Jabil şirkətləri isə Apollo adlı humanoid robotların istehsalına dair pilot layihəyə start veriblər. BMW bu robotları ABŞ-dakı zavodlarında tətbiq etməyi planlaşdırır. Analitiklər hesab edirlər ki, sənayedə humanoid robotların geniş şəkildə tətbiqi 2030-cu ilə qədər baş verəcək. Lakin bu tendensiyanın milyonlarla iş yerinə necə təsir edəcəyi hələlik məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
