
Tesla süni intellekt və Optimus robotuna istiqamətlənmiş yeni inkişaf planını dərc edib
Elm & Texnologiya
02.09.2025
Chinara
Tesla “Baş plan. Hissə 4” sənədini dərc edib. Burada əsas diqqət süni intellektə, pilotsuz avtomobillərə və Optimus robotuna yönəlib. Məqsəd isə texnologiyaların cəmiyyətin real problemlərini həll və insanların həyatını daha təhlükəsiz və rahat etdiyi “dayanıqlı bolluq” dünyası yaratmaqdır. Plan şirkətin elektromobil istehsalı, enerji həlləri və robototexnika sahəsindəki təcrübəsini birləşdirir. Elon Musk hesab edir ki, gələcəkdə Tesla-nın dəyərinin 80%-i Optimus-un payına düşəcək. Tənqidçilər isə bildirirlər ki, Tesla-nın humanoid (insanabənzər) robotu hələ müstəqil işləyə bilmir, süni intellekt və robototexnikaya diqqətin yönəldilməsi isə azalan satışlar və mənfəət itkisi fonunda şirkəti artıq sınaqdan çıxmış istiqamətlərdən uzaqlaşdırır. Tesla-nın baş planları 2006-cı ildən dərc olunur və şirkətin missiyasını, məhsul yol xəritəsini göstərmək məqsədi daşıyır.

Hazırkı, dördüncü plan Tesla-nın elektromobil istehsalı, enerji sistemləri və robototexnika sahəsindəki təcrübəsini birləşdirməyə yönəlib. Tesla-nın əsas məqsədi “dayanıqlı bolluq” dünyası yaratmaqdır. Bu dünyada iqtisadi artım resurs çatışmazlığından asılı olmayacaq və planetə zərər verməyəcək. Buna nail olmaq üçün süni intellektin fiziki dünyaya inteqrasiyası nəzərdə tutulur. Bu, aparat və proqram təminatını birləşdirən vahid ekosistemin yaradılması ilə reallaşdırılacaq. Ekosistem 3 sütun üzərində qurulur: ekoloji mobillik üçün avtonom elektromobillər, günəş və batareyalara əsaslanan dayanıqlı enerji və Optimus simasında robototexnika. Tesla-nın planının əsasında bir neçə prinsip dayanır. Birincisi, şirkət sonsuz inkişafa inanır və hesab edir ki, texnologiyalar və innovasiyalar resurs çatışmazlığını digər sahələrə zərər vermədən aradan qaldırmağa imkan verir.

Nümunə olaraq yarımkeçiricilər və internet göstərilir - onlar həyatın bütün sahələrində iqtisadi və sosial imkanları genişləndirmişdir. İkincisi, texnologiyalar real problemləri həll etməlidir. Tesla ətraf mühitin çirklənməsini azaltmağa, nəqliyyatın təhlükəsizliyini artırmağa və Optimus vasitəsilə gündəlik və ya təhlükəli işi avtomatlaşdıraraq insanlara daha yaradıcı işlərlə məşğul olmaq üçün vaxt qazandırmağa çalışır. Üçüncüsü, şirkət əlçatanlıq və miqyaslana bilmə prinsipinə sadiqdir ki, qabaqcıl texnologiyalar hər kəsin istifadəsində olsun. Nəhayət, avtonom sistemlərin - həm avtomobillərin, həm də robotların - inkişafı əsas məqsədə, yəni insan həyatının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir.

Öz X-dəki paylaşımında Elon Musk qeyd edib ki, gələcəkdə şirkətin dəyərinin təxminən 80%-i Optimus robotlarının payına düşəcək. Bu, Tesla-nın robototexnikanı gələcəyin əsas aktivlərindən və texnoloji tərəqqinin başlıca hərəkətverici qüvvəsindən biri kimi gördüyünü vurğulayır. Lakin plan skeptik qarşılanır. Tənqidçilər bildirirlər ki, Optimus robotu hələlik tapşırıqları avtonom şəkildə yerinə yetirə bilmir - bütün nümayişlər distant idarəetmə ilə keçirilib. Son nümunə kimi Optimus-un Los-Ancelesdəki Tesla restoranında ziyarətçilərə popkorn təqdim etməsi göstərilir. Bundan başqa, bəziləri hesab edir ki, Tesla elektromobil istehsalı və enerji saxlama sistemləri kimi sınaqdan çıxmış və strateji cəhətdən vacib istiqamətlərdən yayınaraq, uğuru heç də zəmanətli olmayan süni intellekt və robototexnikaya yönəlir. Bunun fonunda isə şirkətin göstəriciləri pisləşir: satışlar azalır, mənfəət və səhm dəyəri düşür.
Paylaş