
Texnologiya dünyasında inqilab: Universal bir prosessor hazırlanıb!
Elm & Texnologiya
28.12.2024
Aslan
Ubitium adlı şirkət, demək olar ki, istənilən iş yükünü idarə edə biləcək inqilabi bir “universal prosessor” arxitekturası hazırlayıb. Bu arxitektura CPU, GPU, DSP və FPGA kimi fərqli hesablama vahidlərini bir çipdə birləşdirir.
Texnologiya dünyasında böyük dəyişikliklərə səbəb olacaq bu yenilik, prosessor arxitekturasını kökündən dəyişməyə hazırlaşır. Ubitium, CPU, GPU, DSP və FPGA kimi müxtəlif hesablama vahidlərini vahid bir çipdə birləşdirən "Universal Prosessor" adlı innovativ həlli üzərində işləyir. Hazırda smartfon kimi cihazlar müxtəlif tapşırıqları yerinə yetirmək üçün xüsusi vahidlərə (CPU, GPU, NPU, DSP və s.) ehtiyac duyur. Ancaq bu vahidlər istifadə olunmadıqda işləməz vəziyyətdə qalır ki, bu da enerji və resurs israfına səbəb olur. Ubitium, “yükdən asılı olmayan mikroarxitektura” adlı texnologiya ilə bu problemi həll etməyi qarşısına məqsəd qoyub.

Universal prosessor açıq mənbəli RISC-V komanda dəsti üzərində qurulub. Bu innovativ arxitektura, çipin tranzistorlarını dinamik şəkildə müxtəlif iş yüklərinə uyğunlaşdırmağa imkan verir. Beləliklə, tranzistorlar sadə idarəetmə tapşırıqlarından süni intellekt hesablamalarına və qrafik emalına qədər geniş sahələrdə istifadə oluna bilər. Ubitium-un arxasında Intel, Nvidia və Texas Instruments kimi nəhəng şirkətlərdən gəlmiş təcrübəli mütəxəssislər durur. Şirkətin baş mühəndislərindən Martin Vorbach, böyük çip istehsalçıları tərəfindən lisenziyalaşdırılmış 200-dən çox patentə sahibdir. Ancaq bu məqsədin gerçəkləşməsi heç də asan bir proses deyil.
Ubitium, universal prosessoru olduqca iddialı bir şəkildə 2026-cı ilə qədər bazara çıxarmağı planlaşdırır. Hazırda yalnız 3.7 milyon dollar maliyyə toplayan şirkət, böyük çip layihələrinin yüz milyonlarla dollara başa gəldiyi sektorda ciddi maliyyə çatışmazlığı ilə üz-üzədir. Bu innovativ prosessor, tək bir məhsulla məhdudlaşmır. Şirkət, quraşdırılmış cihazlardan yüksək performanslı hesablama sistemlərinə qədər geniş məhsul çeşidi təqdim etməyi planlaşdırır. Əgər uğur qazanarsa, Nvidia, AMD və Intel kimi nəhəng şirkətlərə ciddi bir rəqib çıxa bilər.

Ubitium-un baş direktoru Hyun Shin Cho, universal prosessorun ənənəvi çiplərlə müqayisədə 10-100 dəfə daha yaxşı performans/qiymət nisbəti təqdim edə biləcəyini deyir. “Eyni tranzistorlardan müxtəlif iş yükləri üçün yenidən istifadə edirik, bir sıra çipləri əvəz edirik və sistemin ümumi kompleksliyini azaldırıq. Bu, 10-100 dəfəyə qədər performans/qiymət üstünlüyü deməkdir... Tranzistorların fərqli iş yükləri üçün yenidən istifadəsi, prosessordakı ümumi tranzistor sayını əhəmiyyətli dərəcədə azaldaraq həm enerji, həm də silikon sahəsinə qənaət təmin edir,” deyə Shin Cho bildirir.
CEO-ya görə, bu üzərində işlənilən şey sadəcə bir inqilab deyil, tam bir paradiqma dəyişikliyidir. Dəyişikliklər ağrılı və çətindir. Şirkətin və məhsulun bu prosesi uğurla keçib-keçməyəcəyini isə zaman göstərəcək.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
