Logo
    main-post-cover

    Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər

    Elm & Texnologiya
    23.04.2025
    Emil
         Tesla-nın rüblük hesabat tədbirində şirkətin rəhbəri Elon Musk ixrac məhdudiyyətləri mövzusuna toxunub. ABŞ-da tətbiq olunan idxal rüsumlarının Tesla-nın biznesinə təsirini rəqiblərlə müqayisədə minimal qiymətləndirən Musk, Çin tərəfindən qoyulan ixrac məhdudiyyətlərini Optimus adlı insanabənzər robotların istehsalını təşkil etmək üçün ciddi maneə adlandırıb. İndiyə qədər bu robotların seriyalı istehsalının Tesla-nın baş ofisinin yaxınlığında, Texasdakı əsas müəssisədə qurulacağı hesab olunurdu. Lakin bu həftə məlum olub ki, Optimus robotlarının ilkin sınaq istehsalı əvvəlcə Kaliforniyada həyata keçiriləcək. Musk-ın sözlərinə görə, Çin tərəfindən nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər Tesla-nın robotların istehsalında istifadə olunan maqnitlərin hazırlanmasında çətinlik yaradır.
         Şirkət bu məsələ ilə bağlı Çin hakimiyyəti ilə danışıqlara başlayıb və nadir torpaq elementlərini almaq üçün ixrac lisenziyası əldə etməyə ümid edir. Bunun üçün isə sübut edilməlidir ki, son məhsullar hərbi məqsədlərdə istifadə olunmayacaq. Çin bu ay ABŞ-ın Çin məhsullarına idxal rüsumlarını artırmasına cavab tədbirlərindən biri olaraq bu cür məhdudiyyətləri tətbiq edib. Elon Musk bildirib: “Çin bəzi zəmanətlərin təqdim olunmasını tələb edir, bu zəmanətlər də nəzərdə tutur ki, həmin metallar hərbi məqsədlərdə istifadə olunmayacaq - halbuki bu onsuz da aydındır. Onlar sadəcə insanabənzər robotlarda istifadə olunacaq”. O həmçinin vurğulayıb ki, Tesla-nın gələcəyi əsasən avtonom elektromobillər və robotlardan asılı olacaq.
         “Şirkətin gələcəyi genişmiqyaslı avtonom nəqliyyat vasitələri parkına və böyük həcmdə istehsal olunacaq insanabənzər avtonom robotlara əsaslanır”. Musk daha əvvəl bildirmişdi ki, Tesla bu ilin sonuna qədər təxminən 5000 Optimus robotu istehsal etməyi planlaşdırır. Şirkət bu robotları ilk növbədə öz elektromobil yığma zavodlarında tətbiq etməyi nəzərdə tutur. Çin tərəfindən tətbiq olunan ixrac məhdudiyyətlərinə baxmayaraq, şirkət hələ də inanır ki, bu il bir neçə min robot istehsal edə və onları öz müəssisələrində istifadə edə biləcək.
    Mənbə: CNBC
    Paylaş