
Türkiyə nüvə silahından 1 səviyyə aşağı olan aviasiya bombası hazırlayıb (VİDEO)
Elm & Texnologiya
31.07.2025
Emil
Türkiyə Milli Müdafiə Nazirliyinin Elmi-Tədqiqat və Təcrübə-Konstruktor Şöbəsi ölkəyə bu günə qədərki ən güclü adi aviasiya bombasını təqdim edib. İstanbulda keçirilmiş Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) təqdim olunmuş Mk84 Gazap adlı termobarik aviasiya sursatının 2000 funtdan (970 kiloqram) artıq çəkisi olduğu və 1 kilometr radiusda 10 000-dən çox qəlpə yaydığı bildirilir. Bəzi analitiklərin fikrincə, bu silah nüvə silahından cəmi bir addım geri qalır.
“Bu kateqoriyadan olan ənənəvi bombalar adətən kvadrat metrə təxminən 3 qəlpə yayır. Gazap isə kvadrat metrə 10.16 qəlpə yayır ki, bu da onu MK seriyasının standart bombalarından 3 dəfə güclü edir” - deyə Tədqiqat və İnkişaf direktoru Nilufər Kuzulu bildirib. Gazap bombası daxili strukturu sayəsində nəhəng bir qumbara kimi hissələrə ayrılır.
Detonasiya zamanı isə yüksək dərəcədə konsentrə olunmuş partlayış enerjisi yaranır. Gazap Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 və F-4 qırıcıları ilə uyğunluq təşkil edir. Həmçinin bu sursatın pilotsuz uçuş aparatları ilə inteqrasiyası da nəzərdən keçirilir. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, sursat bütün ixtisaslaşdırma və sertifikatlaşdırma sınaqlarından uğurla keçib ki, bu da onun döyüş tətbiqinə tam hazır olduğunu göstərir.
Paylaş