Logo
    main-post-cover

    Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)

         Çin şirkəti Unitree Robotics dünyanın ilk insanabənzər robotlarından biri olan R1 modelinin satışına başladığını elan edib. Bu modelin ilkin satış qiyməti 39.900 yuandan (təxminən 5900$) başlayır ki, bu da digər ölkələrdən olan rəqiblərlə müqayisədə xeyli ucuzdur. Unitree-nin tanıtım videosunda qeyd olunur ki, R1 robotunun çəkisi 25 kq-dır və onun konstruksiyasında 26 ədəd oynaqlı birləşmə istifadə olunub. Robotun proqram təminatının əsasını multimodal dil modeli təşkil edir, bu da ona həm səsli əmrləri, həm də vizual görüntüləri tanımağa imkan verir. R1-in 4 rəqəmli qiyməti Çin startaplarının inkişaf etmiş texnologiyalar sahəsində ABŞ rəqiblərini qabaqlamaq iddiasını vurğulayır. Unitree şirkətinin məşhurluğu bu ilin fevralında əhəmiyyətli dərəcədə artdı - həmin vaxt şirkətin baş direktoru Wang Xingxing Çin Xalq Respublikasının Sədri Xi Jinping ilə keçirilmiş görüşdə iştirak etmişdi.
         Bu görüşdə həmçinin Alibaba-nın qurucusu Jack Ma Tencent-in baş direktoru Pony Ma da iştirak edirdi. R1 robotunun istifadəyə verilməsi, bu həftəsonu Şanxayda başlayacaq Çinin süni intellekt üzrə ən böyük forumunun keçirilməsi ilə eyni vaxta təsadüf edir. Tədbir çərçivəsində texnologiya şirkətlərinin nümayəndələri, hökumət rəsmiləri və süni intellektin inkişafı ilə maraqlanan vençur investorları bir araya gələcəklər. Ümumdünya Süni İntellekt Konfransı çərçivəsində bu sahədə Çinin strategiyasına rəhbərlik edəcəyi gözlənilən əsas fiqurlar toplanacaq. İnkişaf istiqamətlərindən biri süni intellektə sahib insanabənzər robotların yaradılması ilə bağlıdır. Uzun müddət bu sahədə Boston Dynamics kimi ABŞ şirkətləri üstünlük təşkil edirdi.
         Lakin hazırda Çin şirkətləri sürətli irəliləyiş göstərərək zavodlarda, gündəlik məişət işlərində və hətta hərbi məqsədlər üçün istifadə edilə bilən insanabənzər robotlar hazırlayırlar. Bu tip robotların yayılma sürətinə təsir edən əsas amillərdən biri də qiymət siyasətidir. Unitree şirkətinin əvvəlki modeli olan G1 robotu əsasən tədqiqat laboratoriyalarında və məktəblərdə istifadə olunurdu, lakin onun qiyməti 16 000$ idi. Daha inkişaf etmiş və iri ölçülü H1 robotunun qiyməti isə 90 000$-dan başlayır. Unitree-nin yerli rəqiblərindən biri olan UBTech Robotics Corp. bu il ərzində insanabənzər robot təqdim edəcəyini və onun qiymətinin 20 000$ olacağını bəyan edib. Bu robot ev işlərində kömək edə biləcək və şirkət onu zavodlarda istifadəyə də yararlı hala gətirməyə çalışır.
    Paylaş