main-post-cover

    Uşaqlarımıza proqramlaşdırma öyrətsək, nə baş verər?

    22.04.2019
    Farid Pardashunas
        Hesab edirəm ki, uşaqlarımıza proqramlaşdırma öyrətsək bəlkə onlar gələcəyimizi dəyişə bildilər. Bəlkə hələ gec deyil və ən azından uşaqlarımız bu qədər problemli olan bir dünyanı dəyişib onu gələcək nəsillərə xoş halda ötürə bildilər. Məqaləni qəmli tonda başlayıram. Belə bir addım etmək üçün yetərli cəsarəti bütün yazdığım məqalələrin uğurundan alıram. Niyə qəmli tonu bir risk kimi görürəm? Çünki sosial şəbəkə analitikləri deyirlər ki, insanlar neqativ postlardan qaçırlar. Onlara gülüş lazımdır - pozitiv emosiyalar. Necə deyərlər, əsas odur günümüz xoş keçsin. Bu yaxınlarda bir məqalə yazmışdım. Linux sisteminin yaradıcısı Linus Torvalds elə həmin sosial şəbəkələri xəstəlik adlandırmışdı. Bu şəbəkələrdə kontent keyfiyyəti deyil, kəmiyyət göstəricilərinin daha ön planda olduğunu demişdi. Əgər siz bir proqramçı deyilsinizsə Torvalds-ı tanımırsınız.
        Qısaca məlumat verim. Onun yaratdığı ƏS bütün bizi əhatə edən və internet ilə irili-xırdalı əlaqəsi olan bütün sistemlərin, saytların, şəbəkələrin əsasında durur. Linux bizim həyatımızı asanlaşdırır. Elə həmin Facebook, Twitter də bu sistemin üzərindədir. Və Linux pulsuzdur. İstənilən şəxs bu sistemdən istifadə edib, dünyaya öz həllini təqdim edə bilir. Burada “Şok şok, məşhur aktyor çörək almağa pul tapmır” başlıqlı xəbərlər yadıma düşdü. Amma yox. Torvalds ac deyil.
    Uşaqlar üçün kiçik kompüter akademiyası - Pulsuz Məsləhət
        Torvalds barədə yalnız dar kütlə xəbərdar olduğuna görə onu heç məşhur da adlandırmaq olmaz. Amma o, bizi dünəndən qurtardı. Onun yaratdığı sistemin sayəsində dünyanın hər bir nöqtəsindən insanlar arasında körpülər yaranır. Onun yaradıcılığı elmə də təkan verib, tibbə də dəstək olub və insanlar tamamilə pulsuz yeni biliklərə yiyələnə bilirlər, kasıblar varlanır, bacarıqlılar tanınır, bilmədiklərimiz üzə çıxır. Bəlkə də birbaşa əlaqəsi olmasa da onun kimi insanlar sayəsində biz övladlarımızın valideynlərimizlə eyni problemləri yaşamayacaqlarına əminik. İndiki uşaqların problemi nə ola bilər ki? Amma yox, problemlər var. Sadəcə onlar daha lokaldırlar və daha kiçikdirlər. Və proqramçılar onların da aradan qalxması üçün işlər görürlər. Niyə məhz proqramçılar?
     Proqramlaşdırma insana nə verir?
        Bu barədə müxtəlif pozitiv çıxışlar var. Birini az sonra burada paylaşacağam. Bütün bu çıxışların ümumi bir bağırdığı fikir var: “Proqramlaşdırma insan beynini dəyişir. İnsanda, ətrafında baş verənlərə qarşı tamamilə başqa bir yanaşma yaradır”
        Çalışacam bu fikri mümkün qədər aydın izah edim sizə. Fərz edək ki, bizim qarşımızda bir sıra görüləsi işlər var.
           Bu işləri 3 fərqli düşünmə tərzinə sahib insanlar yerinə yetirəcəklər:
        1. Xaotik düşünən insanlar

        Onlar bu işlərdə heç bir əlaqə və ya ardıcllıq görə bilməyəcəklər. Ona görə də xaotik sıra ilə yerinə yetirəcəklər. Belə olduqda onlar çox vaxt və enerji sərf edəcəklər, görəcəyi işlər natamam-natamam, parça-parça həll olunacaq. Bəzən artıq görülmüş bir işi təkrar da yerinə yetirməli ola bilərlər. Belə düşüncə tərzinə malik insanlar üçün adətən hər-hansı biliklərə yiyələnmək də çətin olur. Əlaqələri görə bilmədikləri üçün zəruri məlumatları anlamadan əzbərləməli olurlar. Toplanılmış məlumatlar da təbii ki, bir müddət sonra yaddan çıxır. Təəssüf ki, əksər insanların düşüncə tərzi məhz bu cür olduğuna görə bir çox insanlar qoyduqları məqsədlər üzərində çox çalışsalar da müsbət nəticə əldə edə bilmirlər.
        2. Prosedur düşüncə tərzinə malik insanlar.
        Onlar bu məqsədlərdə ardıcıllıq tapa biliblər və işləri həmin ardıcıllıq ilə yerinə yetirirlər. Bu cür təfəkkürə sahib insanlar gördükləri işə müəyyən dərəcədə yiyələnə biliblər. İşlərini düzgün planlaşdıra bilənlər “Nə edirəm?” “Niyə edirəm?” kimi suallara cavab tapa bilirlər. Bir struktur formalaşdırırlar və təbii ki, qoyduqları məqsədlərə 1-ci haldaki kəslərdən daha peşəkar və sürətli şəkildə çatırlar. Biz onları daha savadlı hesab edirik və onlardan tez-tez məsləhət alırıq.
        3. Obyekt yönümlü təfəkkür.
                Belə düşüncəyə sahib insanlar oyunun qaydalarını pozurlar. Onlar istənilən fərqli hesab edə biləcəyimiz tapşırıqlar arasında ümumi nöqtələri aşkarlayırlar. Və həmin nöqtələrin çoxluq təşkil etdiyi işləri birinci həyata keçirirlər. Nəticədə digər işlər də asanlaşmış olur. Onlar görürlər ki, əslində onların həyata keçirməli olduqları işlərin arasın iki işin prosesində eyni bir tərkib hissəsi var. Yəni müəyyən bir işi gördükdə əslində başqa bir işin də bir hissəsini həll etmiş olursan. Ona görə də onlar bütün bu işlər arasından ilk məhz bu iki işdən birini həyata keçirəcəklər. Sonra isə keçəcəklər digər eyni hissələri olan işlərə. Və bu insanlar nəticə etibarı ilə zaman və enerji baxımından ən uğurlu yol ilə getmiş olacaqlar. Belə insanlar masaüstü çıraqa baxanda orda sadəcə işıq görmürlər. Onlar çırağın əsas şüşə lampasınını, ona cərayanı ötürən qoza hissəsini, lampanın daxilindəki sinki, volframı, kabelin ikili olduğunu görürlər. Onlar baş verən bütün hadisələrdə ümumi əlaqə nöqtələrini, bütün tapşırıqlarda eyni tərkib hissələrini görürlər və hansı yanaşmanın daha optimal olduğunu müəyyən edə bilirlər.
      Proqramlaşdırmanın beyinə etdiyi təsir məhz budur.
        Sual edirsiz yəqin, bəs G(şəkildə) hardan yarandı? Proqramçılar tənbəldirlər. Və onlar həmişə bir iş daha görürlər hansı ki, gələcəkdə biz bu eyni işləri təkrarladığımızda vaxtımıza qənaəet etmiş olacaq. Yəni, bu gün G edirik ki sabah A, B, C, D, E, F, yox abcdef edək və ya bəlkə də heçnə etməyək, iş özü özünü işləsin. Bu mümkündür. Bu insan biliyinin ona bəxş etdiyi bir möcüzədir. Proqramlaşdırmada mümkünsüz olan heçnə yoxdur. Əslində yaş baxımından heç bir limit yoxdur, lakin xarici dil kimi proqramlaşdırmanı da insan nə qədər kiçik yaşdan öyrənməyə başlasa onun üçün bu bir o qədər də asan olacaq.
        Ola bilsin ki, övladınızı proqramlaşdırma öyrənsə də bəlkə də böyüdükdən sonra proqramçı olaraq işləməyəcək, tamamilə başqa bir peşənin insanı olacaq. Amma o, istər həkim olsun, istər müəllim, istər cərrah istərsə də hüquqşünas onun beynində bir dəfə başlamış proses heç vaxt durmayacaq və o daima beynində bütün hərəkətlərini proqramlaşdıracaq və istənilən halda kolleqalarından daha fərqli olacağına və hətta daha üstün olacağına əmin ola bilərsiniz.
        Bu videoya baxmadan məqalənin ardını oxumayın.

        Videonu izlədinizsə davam edə bilərik.
    Məşhur proqramçılar

        Elon Musk, Bill Gates, Steve Jobs, Mark Zuckerberg. Bu insanları tanıdığınıza əminəm. Təbii ki, biz siyahını uzada bilərik. Buraya Google yaradıcılarından tutmuş bütün istifadə etdiyiniz IT məhsulların yaradıcılarına qədər hamısını sadalaya bilərik. Və bəziləri isə əksinə məsələn Steve Jobs-u bu siyahıdan çıxarmağımı istəyə bilər. Çünki onu daha çox marketinq dahisi olaraq tanıyırıq. Çox az insan bilir ki, Jobs Apple-ın yaradılması üçün kod yazmasa da, Apple-a qədər Atari şirkətində “hardware” mühəndis işləmişdir. Yeri gəlmişkən Atari bizim oyun sahəsinin atalarındandır. Jobs orada diodları birləşdirərək proqramlaşdırırdı.
        Bəlkə də elə həmin dövrdə beynində baş vermiş bu partlayış ona günümüzü asanlaşdırmağa kömək etdi. Kompüterləri və mobil cihazları adi qəliz dəmir parçasından sevimli əşyamıza çevirdi.
    Elon Musk bizi Marsa aparacaq
        Uşaqlıqda isə o, oyunlar proqramlaşdırırdı və sərvətini həmən bilikləri sayəsində qazanıb. Və o, kosmosa qalxan SpaceX raketlərindən tutmuş elektrik Tesla maşınlarına kimi bütün layihələrində tez-tez mühəndis-proqramçı işlərini də görür.
    Bill Gates-ın milyardları var.
        Kim olduğunu bilirsiz. Əslində o şəxsiyyəti o qədər də sevmirəm amma Microsoft-u hamımız tanıyırıq, Gates-ın özü isə xeyriyyəçidir. Ardını düşünmək üçün bu kifayət edir.
    Zuck dahidir.
        Facebook həqiqətən bizi birləşdirir. Düzdür, son zamanlar çox səs-küylü hadisələr baş verir bu şirkətin ətrafında. Amma siz dünyanın sabahını Facebook-suz təsəvvür edə bilirsiniz mi? Xəbər almağımızdan tutmuş ünsiyyət qurmağımıza, fikir bildirməyimizə qədər. Adətən gizli “sakitçə” baş verən pis hadisələrin günümüzdə tez bir zamanda hər kəsə məlum olmasına qədər. Bütün bunları görərək əminliklə deyə bilərik ki, Facebook həqiqətən bizi birləşdirir.
        Proqramçı deyəndə adətən kişilər yada düşür. “Kompüter oğlan üçündür” fikri təəssüf ki, geniş yayılıb. Lakin əgər bunu oxuyan bir valideynin qız övladı varsa, sizin qızınızı da bu aşağıdakı şəkillərin yanında görmək istəyərdik:    
        Tanış olun. Margaret Hamilton (solda) - öz yazdığı kod ilə bizi aya qaldırdı. Katie Bouman (sağda) - bizə öz yazdığı kod ilə qara dəliyin fotoşəklini göstərdi. Şəxsən mən bu iki qadını az öncə danışdığımız kişilərdən daha üstün hesab edirəm. Bəlkə də nə vaxtsa Facebook da unudulacaq, Microsoft da, Tesla da amma aya kimin sayəsində ayaq basmağımızı və qara dəliyi kimin alqoritmləri sayəsində görə bildiyimizi heç vaxt unutmayacağıq.
    Niyə övladınız proqramlar yarada bilməyi öyrənmək istəsin ki?
        Suala diqqət edin. “...Proqramçı olmaq istəsin..” yox, “kod yaza bilsin yox”, “yarada bilməyi öyrənmək”. Sizə sirr açım, bu işi sevən heç kəs “proqramçı” başlığı xatirinə bunu öyrənmir, heç kəs bunu sırf kod yazmaq xatirinə də etmir. Və proses filmlərdə göstərildiyi kimi sürətlə klaviaturada çakka-çak yazaraq baş vermir. Proses daha çox düşünməkdən və sonra kod yazmaqdan ibarət olur. Yəni proqramçı səssiz şəkildə bir əlini çənəsinə digərini mouse-da tutaraq heç bir hərəkət etmədən uzun müddət düşünür (dəqiqələr, saatlar belə ola bilər) və sonra yazmağa başlayır. Əsas iş proqramçının beynində baş verir, işin qalanı isə planladığını kod şəklində kompüterə “izah etməkdir”. Bir uşaq bununla niyə məşğul olsun? Kimə maraqlıdır bu simvollar? Əmrlər, strukturlar, alqoritmlər və s.
    Cavab: Heç kəsə. Heç kəsə işin yazı məqamı maraqlı deyil. Ona görə də proqramçılar getdikcə daha az yazmaq üçün yeni-yeni alətlər yaradırlar. Proqramçıya zövq verən YARADICILIQDIR! Sən beynində nəhəng bir kainat yaradırsan və sonra bunu bir dəmir parçasına ötürürsən və o sənin yaratdığını hər kəsə göstərir. Üstəlik heç bir limit yoxdur. Bu bir möcüzədir. Bizim bu günümüz dünən hansısa proqramçının beynində canlandırdığı bir kainatın bənzəridir. Bu supergücdür. Siz də uşaq vaxtı qumdan evlər yaratmısız. Sizin övladınız isə koddan ev yarada bilər. Əgər bizlər bir palçıqla yaratmağa başlayaraq Marsı planlayacaq bir inkişaf nöqtəsinə gəlmişiksə, onlar kod ilə yaradaraq başlasalar nələri məqsəd qoyacaqlar? Heç təsəvvür edə bilirsinizmi? Onlar hələ ki, bunu anlamırlar. Onlar sadəcə yaratmaq istəyirlər. Yönləndirin - yaratsınlar!
        P.S. Əslində bu mövzuda danışacaq çox sözüm var. Davam etmək üçün valideynlərin fikirlərini bilmək istəyərəm. Məqaləni bəyənənlərdən şərhlərdə fikirlərini paylaşmaqlarını xahiş edirəm. Oxuduğunuz üçün təşəkkürlər!
    Həsənağa Azad

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər