Logo
    main-post-cover

    Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb

    Elm & Texnologiya
    05.06.2025
    Emil
         İsveçin Volvo şirkəti hələ ötən əsrin 60-cı illərinin əvvəlində üçnöqtəli təhlükəsizlik kəmərlərini patentləşdirmişdi. Bu sistem sonrakı onilliklərdə dünya üzrə geniş şəkildə istifadə olunmağa başladı. İndi isə Volvo bu sistemin təkamülündə növbəti addımı atmağa hazırlaşır. Məqsəd təhlükəsizlik kəmərinin hər bir insanın fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmasıdır. Müasir sensorlar kompleksi vasitəsilə - hansı ki, şəxsin çəkisini, boyunu, bədən quruluşunu və oturuş pozasını nəzərə alır - Volvo təhlükəsizlik kəmərinin dartılma gücünü fərqli tətbiq etməyi təklif edir.
         Bu da avtomobilin salonundakı sərnişinlər üçün daha optimal qorunma təmin etməyə yönəlib. Məsələn, iri və hündürboylu bir insan toqquşma anında baş nahiyəsində zədə alma riskini azaltmaq üçün daha güclü dartılma tələb edir. Əksinə, cılız bədən quruluşuna malik bir insan və ya uşaq üçün sinə qəfəsi zədələrinin qarşısını almaq məqsədilə kəmərin əvvəlcədən az dartılması daha uyğun hesab olunur.
         Volvo tərəfindən hazırlanmış yeni nəsil təhlükəsizlik kəmərləri dəstəklənən dartılma profillərinin sayını 3-dən 11-ə qədər artırır. Toqquşma anında dartılma gücü avtomobil salonunda olan və təhlükəsizlik kəməri taxılmış hər bir sərnişin üçün ayrıca seçiləcək. Bundan əlavə, müşayiətedici sistemlərin proqram təminatı yeniləndikcə bu uyğunlaşma prosesi zamanla daha da təkmilləşəcək. Volvo-nun bu yeni nəsil təhlükəsizlik kəmərləri ilə təchiz olunacaq ilk seriyalı modeli isə gələn il bazara çıxacaq elektrikli EX60 krossoveri olacaq.
    Paylaş