Logo
    Vulcan raketində nasazlıq oldu, Amazon-un 40 internet peyki itirildi

    Vulcan raketində nasazlıq oldu, Amazon-un 40 internet peyki itirildi

        “United Launch Alliance” (ULA) şirkətinin yeni “Vulcan” raketi 40 “Amazon Leo” internet peykini orbitə çıxara bilməyib. Uçuşdan 10 dəqiqə sonra yaranan nasazlıq peyklərin itirilməsi ilə nəticələnib. Bu, ULA tarixində ilk uğursuz buraxılışdır və “Amazon”un peyk interneti planlarına ciddi zərbə vurub.
    Vulcan raketində nasazlıq oldu, Amazon-un 40 internet peyki itirildi
        Buraxılış 15 noyabr 2026-cı ildə saat 21.40 radələrində Floridadakı 41 saylı Kosmik Buraxılış Kompleksindən olub. Uçuş əvvəlcə cümə gününə planlaşdırılmışdı, lakin yanacaq doldurularkən yaranan problemə görə təxirə salınmışdı. Bazar günü də starta 20 saniyə qalmış naməlum texniki problem üzündən geri sayım dayandırılıb. Nasazlıq buraxılış üçün ayrılan vaxt bitmədən aradan qaldırılıb.
        Raketin bərk yanacaqla işləyən sürətləndiriciləri əvvəlki 2 uçuşda problem yaratmışdı, amma bu dəfə normal işləyib. Metanla çalışan əsas mühərriklər ULA-nın planında göstəriləndən daha uzun müddət aktiv qalıb. Sonra hidrogenlə işləyən “Centaur” üst mərhələsi ayrılaraq 12,25 dəqiqəlik mühərrik işinə başlayıb. Nasazlığın məhz bu hissədə yarandığı güman edilir.
        ULA problemin səbəbini hələ müəyyən etməyib. Şirkət müştəri və aidiyyəti qurumlarla birlikdə araşdırma aparacağını, lazımi düzəlişlərdən sonra uçuşları mümkün qədər tez bərpa edəcəyini açıqlayıb. ULA 2006-cı ildə “Boeing” və “Lockheed Martin” şirkətlərinin tərəfdaşlığı ilə yaradılıb və indiyədək etibarlı “Atlas V” raketi ilə tanınıb. Daha güclü “Vulcan” indi ətraflı texniki yoxlamadan keçirilə və bir müddət uçuşdan kənar saxlanıla bilər.
        Uğursuz missiya “Amazon Leo” peykləri üçün ULA ilə razılaşdırılmış 38 uçuşdan ilki olmalı idi. Layihə daha əvvəl “Atlas V” raketi ilə 8 uğurlu missiya keçirib. “Vulcan”la bağlı araşdırma növbəti buraxılışları gecikdirə bilər. “Amazon Leo” peyk interneti bazarında “SpaceX” şirkətinin “Starlink” şəbəkəsinə rəqib kimi hazırlanır.
        Federal Rabitə Komissiyası “Amazon Leo” sistemindən 31 iyul 2026-cı ilədək orbitə 1600 peyk yerləşdirməyi tələb etmişdi. Ancaq hazırda orbitdə cəmi 390 peyki fəaliyyət göstərir. Plana görə, 2029-cu ilin iyulunadək peyklərin ümumi sayı 3232-yə çatmalıdır. Digər tərəfdaş “Blue Origin” şirkətinin “New Glenn” raketi mayda start meydançasında partlayıb. Həmin raketlə 24 uçuş sifariş olunub. “Amazon” yaranan risklərə baxmayaraq, ULA-ya etimadını saxladığını açıqlayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...