main-post-cover

    Xiaomi-dən Redmi Note 9 Pro-nun qlobal versiyası və tamamilə yeni Redmi Note 9 - QİYMƏTİ

    Elm & Texnologiya
    30.04.2020
    Emil Nəcəfov
        Dünənki online təqdimat zamanı Xiaomi şirkəti bir neçə müddət bundan öncə Çin bazarında satışa çıxmış Redmi Note 9 Pro-nun qlobal versiyasını və tamamilə yeni Redmi Note 9-u təqdim etdi. Əvvəlki modellərdən fərqli olaraq yeni smartfonlar yenilənmiş dizayn və təkmilləşdirilmiş texniki özəlliklər əldə ediblər. Bundan əlavə olaraq hər iki smartfon NFC modula sahibdir. Beləliklə Redmi Note 9 Pro smartfonu nazik çərçivələrə sahib 6.67 düym IPS ekran ilə təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı Redmi Note 9 Pro-nun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatələnib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Qeyd etmək lazımdır ki, Xiaomi şirkəti bu smartfonda 3.5 mm-lik audiogirişi qoruyub saxlayıb.
        Əsas texniki özəlliklərə gəldikdə Redmi Note 9 Pro modeli Snapdragon 720G prosessoru, Adreno 618 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP (f/1.89 diafraqma) + 8 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 5 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (f/2.4 diafraqmalı ToF ssensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 64 GB daxili yaddaşa sahib model 269$-a, 128 GB daxili yaddaşa sahib model isə 299$-a satılacaq.
        Adi Redmi Note 9 modelinə gəldikdə isə o, Pro modelin dizaynında reallaşdırılıb. Lakin ondan bəzi özəlliklər ilə fərqlənir. Məsələn adi Redmi Note 9 modeli 6.53 düym IPS ekrana sahibdir. Ön kamera isə ekranın yuxarı sol hissəsindəki kiçik dairəvi çıxıntı daxilində yerləşdirilib. Pro modeldən fərqli olaraq adi Redmi Note 9-da barmaq izi skanı texnologiyası arxa paneldə yerləşdirilib. Pro modeli kimi bu smartfonun ekranı da Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib.
        Smartfon MediaTek Helio G85 prosessoru, 3/4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 2 MP (makroobeyktiv) + 2 MP (f/2.4 diafraqmalı ToF sensor) dördlü arxa kamera, 13 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 3 GB RAM və 64 GB daxili yaddaşa sahib model 199$-a, 4 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 249$-a satılacaq. Hər iki smartfon may ayının ortasında satışa çıxacaq.
    Linki kopyala